Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Heç-heçə oynadıq. Bu, bizim üçün müsbət nəticə hesab edilə bilməz. “Neftçi” kimi böyük komanda azarkeşləri önündə oynayırsa, mütləq qələbə qazanmalıdır. Qarşıdakı oyunlarda bunun üçün cəhd edəcəyik.
– Nəticədən narazı qaldığınızı dediniz. Bəs oyun necə?
– Nəticədən narazı qalıb, mükəmməl oynadıq deyə bilmərəm. Eyni zamanda pis oynadığımızı da deyə bilmərəm. Qələbə qazansaydıq, indi başqa cür danışırdıq.
– Son 5-6 dəqiqədə təzyiqi artırmışdınız. Bunu daha tez etmək olmazdı?
– Əlbəttə, bütün oyunu belə oynamaq istərdik. Təəssüflər olsun ki, bunu son dəqiqələrdə edə bildik. Azarkeşlərimizin önündə daha təzyiq olmaq istərdik.
– Azərbaycan çempionatında nələr dəyişib?
– Deməzdim ki, Azərbaycan futbolundan uzaqlaşmışdım. Sistematik olaraq jurnalistlərlə əlaqədə idik. Çox uzaq qalmamışam.
– Ot örtüyünü görəndə gəldiyinizə peşman olmadınız?
– Meydançanın belə olmasının yəqin, obyektiv səbəbləri var. Harda Azərbaycan futbolundan danışırdımsa, bu stadionun gözəlliyindən bəhs edirdim. İndi də istərdik ki, daha yaxşı vəziyyətdə olsun.
– Hücum xəttinin effektivliyi haqda necə düşünürsünüz və gələcəkdə nələri dəyişməyi fikirləşirsiniz?
– İstərdik ki, hücum xəttimiz daha rəqabətli olsun. Keyfiyyətli futbolçulara ehtiyacımız var. Onlar hücumu daha yaxşı və rəqabətli edəcək.
– Aleksey Kaşuk oyunu izləyənlər arasında idi. Onunla sizin və klubun hansısa danışığı olub?
– Kaşukla şəxsi əlaqələrim yoxdur. Amma keyfiyyətli futbolçu olduğunu bilirəm. Onunla danışıq olmayıb. Burdan ona salamlarımı göndərirəm.
Şahin Cəfərov