“Neftçi”: “inamla” geriyə

“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti məğlubiyyətini yaşayıb. Samir Abasovun yetirmələri “Araz-Naxçıvan”la dueldən xalsız ayrılıb.

Tarixinin ən uğursuz mövsümünü keçirən “ağ-qaralar” qeyri-stabil oyunu və nəticələrini sıralamaqdadır. Ötən turda “Sabah”la heç-heçə edən paytaxt təmsilçisinin “Araz-Naxçıvan”la dueldən azı bir xalla ayrılmağı planlaşdırırdı. Dövrəyə yaxşı başlamaq və avrokuboklar zonasına yaxınlaşmaq istəyən “Neftçi”nin hər tur şansı azalmaqdadır.

Oyunun birinci hissəsində bütünlüklə üstünlüyü rəqibə verən bakılılar ciddi nə iləsə yadda qalmadı. Əvəzində “Araz-Naxçıvan” hücumlar edərək daha istəkli olduğunu göstərdi. İlk hissədə hesabı açan və üstün oynayan “Araz-Naxçıvan” fasiləyə daha motivasiyalı yollandı. İkinci hissəyə 4 əvəzetmə ilə başlayan Abasov oyunu və nəticəni dəyişmək istəyində idi. Lakin futbolçuların anlaşılmazlığı, fiziki yorğunluğu və diqqətsizliyi oyunu çevirməyə imkan vermədi. Əvəzində daha bir qol vuran “Araz-Naxçıvan” güclü tərəf olduğunu göstərdi. “Neftçi”nin isə təsəlli qolundan başqasına gücü çatmadı.

“Ağ-qaralar”da heyətlə bağlı ciddi problemlər var. Xüsusilə hücum xəttindəki dişsizlik komandanın ağrılı yeridir. Premyer Liqada ən az qol vuranlardan olan “Neftçi”də heyətin güclənməsinə, xüsusilə, keyfiyyətli hücumçuya ehtiyac var. Əks halda, mövsümün qalan hissəsi komanda üçün daha çətin keçəcək. Sonuncu pillədəki “Kəpəz”dən cəmi 4 xal öndə olan “Neftçi”də gedişat dəyişməsə, komandanı autsayderlər sırasında görmək olacaq.

Şahin Cəfərov