“Neftçi” avrokuboklara vəsiqə qazansa, uğur əldə edə bilməyəcək” – Yunis Hüseynov

“Neftçi” Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində səfərdə “Qarabağ”a 0:5 hesabı ilə məğlub oldu.

“Ağ-qaralar”ın sabiq futbolçusu Yunis Hüseynov “FutbolPress”ə açıqlamasında komandanı yenidən qurmağın vacibliyini vurğuladı:

“Neftçi” hər zaman çempionluğa oynayan komanda olmalıdır. Onlar flaqmandır. Ciddi nəticə verməyə borcludurlar. Lakin təəssüflər olsun ki, son oyunlarda komandada qələbə istəyini görmək mümkün deyil. Bu da düzgün futbolçu seçməməyin nəticəsidir. Tez-tez baş məşqçi dəyişikliyi baş verir. Bu o qədər də uğurlu seçim deyil. Adrian Mutu və Miodraq Bojoviç komandada dəyişiklik edə bilmədilər. Geriləmənin olduğunu görürük. Futbolçular sanki meydana zorla çıxarılır. “Qarabağ”la son oyunu stadiondan izləyirdim, orda da buna şahid oldum. Əsəbimdən axıra qədər oyuna baxa bilmədim. Komandaya 90 dəqiqə azarkeşlər dəstək oldu, onlara qələbə hədiyyə etmək lazımdır. Ümumiyyətlə, “Neftçi”ni 0-dan qurmaq lazımdır. Rəhbərlik lazımi dəstəyi verir, amma oratada iş yoxdur”.

Mütəxəssis komandanın avrokuboklara vəsiqə qazanması halında belə uğur əldə edə bilməyəcəklərini qeyd etdi:

“Miodraq Bojoviç birmənalı şəkildə komandanı tərk etməlidir. İkinci yer “Neftçi” üçün uğur deyil. Onlar ya kuboku, ya çempionluğa qazanmalı idi. Tutaq ki, komanda avrokuboklara vəsiqə qazandı. “Neftçi” avrokuboklara vəsiqə qazansa, uğur əldə edə bilməyəcək. Qeyd etdiyim kimi, ciddi dəyişiklik olmalıdır. Yoxsa, “Neftçi”dən uğur gözləmək olmaz”.

Veteran futbolçu həmçinin ölkə kubokunun finalında “Qarabağ” – “Zirə” matçı barədə də düşüncələrini bölüşdü:

“Ölkə kubokunun finalında şansları yarı-yarıya qiymətləndirirəm. Çünki finalda bütün futbolçular ikiqat güc sərf edir. Bir oyundan ibarət olan qarşılaşmadır. Mən də finalda oynayanda elə olmuşam. Düşünürəm ki, maraqlı oyun olacaq. Lakin az da olsa, Ağdam təmsilçisi favorit sayılır. Hər iki komandaya uğurlar arzu edirəm. Əminəm ki, bizi maraqlı oyun gözləyəcək”.

Məlik Məlikov