“Neftçi” avrokuboklara düşmək üçün çalışacaq”

Azərbaycan Premyer Liqasında 18 tur arxada qalıb. Hazırda istirahətdə olan komandalar yanvarın əvvəlindən qış toplanışına başlayacaq.

Azərbaycan yığmasının sabiq qolkiperi Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında dövrəni dəyərləndirdi:

“I dövrə gərgin keçdi. Bütün komandalar xal toplamağa çalışdı. Çempionatın gedişatında xüsusilə avrokuboklar uğrunda mübarizə qızğın olacaq. “Qarabağ” sərgilədiyi oyunla göstərir ki, yenə çempionluq üçün yarışır. Liqada qalmaq üçün də “Kəpəz” və “Səbail” arasında ciddi mübarizə gedəcək”.

Futbolçu karyerasında uzun müddət “Neftçi”də çıxış etmiş Məhəmmədov “ağ-qaralar”ın durumundan da söz açdı:

“Neftçi” avrokuboklara düşmək üçün çalışacaq. Qış fasiləsində yaxşı futbolçular cəlb etməyə ehtiyac var. Gedənlər də olacaq, gələnlər də. Klubda bütün işlər avrokuboklara vəsiqə uğrunda olacaq. Samir Abasovun da hədəfi budur. İnanıram ki, bu yolda uğurlu olacaqlar. Hansı mövqelərə oyunçu lazım olduğunu bilirlər. Hücumda və müdafiədə çatışmazlıqlar var. Yəqin, bu istiqamətdə addımlar atılacaq. Hədəf avrokuboklar olacaq və bu yolda lazım olan şeylərin ediləcəyini fikirləşirəm”.

Şahin Cəfərov