“Neftçi” ardıcıl qələbələr qazanır, amma çox inam vermir”

Sabah Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – XXXVI turuna start veriləcək.

İlk oyun günündə baş tutacaq üç görüşdən sonra medalçılar və avrokuboklara vəsiqə qazanan komandaların adlarına aydınlıq gələcək. Turnir cədvəlində ikinci olan “Neftçi” dördüncü pillədəki “Sabah”ı qəbul edəcək. Üçüncü sıranın sahibi “Zirə” “Səbail”i, beşinci “Sumqayıt” isə autsayder “Qəbələ”ni sınağa çəkəcək.

Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında komandaların avrokubok şanslarını dəyərləndirdi:

“Hər komandanın şansı var. Çətin oyun “Neftçi” və “Sabah” arasında olacaq. Çünki onlar bir-birinə əsas rəqibdirlər və qələbə qazanan vəsiqəni əldə edəcək. “Zirə” və “Sumqayıt” isə nisbətən rahat komandalarla oynayacaq. Rəqiblər – “Səbail” və “Qəbələ”nin iddiası qalmayıb, demirəm, rahat təslim olacaqlar, ancaq istək baxımından üstün olacaqlarını düşünmürəm. Son turdur, hər şey ola bilər. Ona görə komandaların şanslarını bərabər hesab edirəm”.

Mircavadov Premyer Liqa klublarının avrokuboklara hazır olmadıqlarını dedi:

“Həmişə demişəm, avrokuboklara hazırlıq yanvardan başlamalıdır. Bizdə hər şey sanki tərsinədir. Gözləyirik, mövsüm bitir, sonra bir ay oyunçu axtarırıq, onlar da uyğunlaşmamış Avropa arenası başlayır. Uğursuz olmağa əsas səbəblərdən biri də budur. Biri var, yayda 1-2 mövqedə oyunçu dəyişəsən, biri də var bütün heyəti. Ona görə hazırda hansısa komandanın daha hazırlıqlı olduğunu deməzdim”.

Məşqçi karyerası ərzində 2004-2006-cı illərdə “Neftçi”yə rəhbərlik etmiş mütəxəssis sabah keçiriləcək “Neftçi” – “Sabah” oyununu tribunadan izləyəcəyini bildirdi:

“Sabah stadionda olacam. Könül istəyir ki, “Neftçi” qələbə qazansın, Avropada oynasın. Lakin necə olacağını görəcəyik, elə vəziyyət yaranıb ki, “Neftçi” ardıcıl qələbələr qazanır, amma çox inam vermir. Bu baxımdan iddialı danışmaq olmur. Sabah stadionda olub, oyunu izləyəcəyik. Görək, necə olacaq”.

Premyer Liqada sabah keçiriləcək “Neftçi” – “Sabah”, “Zirə” – “Səbail”, “Sumqayıt” – “Qəbələ” oyunları saat 19:00-da start götürəcək.

Şahin Cəfərov