“Neftçi” Azərbaycan Premyer Liqasına uğursuz start verib. Komanda 5 turdan sonra 4 xalla 9-cu sırada qərarlaşıb.
Roman Qriqorçukun yetirmələri 4 heç-heçə edib, 1 dəfə uduzub. Yeganə məğlubiyyət III turda “Sabah”la oyunda olub – 0:2.
“Neftçi”nin qələbə qazanması biryana, komanda qol vurmaqda çətinlik çəkir. “Ağ-qaralar” 5 turda cəmi 2 qol vurub. 4 qol buraxan paytaxt təmsilçisi fasiləyə qədərki dövrün ən uğursuz iki komandasından biridir. Düzdür, “Səbail” də eyni xalı toplayıb, lakin “dənizçilər” qələbə qazanıb, həm də buraxdığı 8 qola qarşılıq 7-ni vurub.
Qriqorçuk hər oyunsonrası mətbuat konfransında növbəti matçda daha yaxşı olacaqlarını bildirsə də, görünəndə düzələn nəsə yoxdur. Artan isə yaradılan və qaçırılan qol imkanlarıdır. Qarşıda komanda üçün demək olar, iki həftəyə yaxın fasilə var. Milliyə də çox oyunçu göndərməyən “ağ-qaralar” bu müddətdən maksimum yararlanmağa çalışacaq. Fasilədən sonrakı ilk sınaq “Zirə”yə qarşı olacaq. Rəşad Sadıqovun komandası yaxşı formadadır və indiki məqamda “Neftçi”dən daha yaxşı görünür.
“Neftçi”də verilən sözlər, danışılan iddialar həqiqətdə tam uğursuzluqla simvolizə olunub. Nə sanmballı oyun, nə nəticə görünür. Gedişat yaxşı deyil, dəyişmək üçün yalnız və yalnız qələbəyə ehtiyac var.
Kamil Əhməd