Azərbaycanda uşaq futbolunda problemlər davam etməkdədir. Əsas narahatlıq yaradan amil isə bir çox bölgələrdə uşaqlar üçün şəraitin yaradılmamasıdır. Son günlərdə əsas müzakirə mövzusu isə Gəncədə olan problemlərdir.
Daha əvvəl “Kəpəz”də Adil Şükürovun rəhbərliyi dövründə məşqçilik edən İlkin Verdiyev hazırda Gəncədə 1 nömrəli Uşaq Gənclər İdman Məktəbində işləyir. Mütəxəssis “FutbolPress”ə açıqlamasında mövcud problemlərindən söz açdı:
“Bizim son illərdə AFFA ilə problemimiz var. Bizə normal şəraitli stadion, normal otaqları, istiliyi, paltardəyişmə otağı olan yer təşkil etsinlər. Daha əvvəl Göygöl İdman Kompleksində idik. Orda hər cür şərait var idi, təhlükəsizlik qaydaları yerində, istilik sistemləri də qaydasında. Sonra gördülər ki, bu, onlara sərf etmir və bizi Gəncəyə göndərdilər. Birinci getmək istəmirdik, 2-3 tur oyunlara çıxmadıq. Sadəcə aramızda bəzi məşqçi yoldaşlarımız bizi satdılar və çempionata qatıldılar. Bizə də hər oyuna texniki məğlubiyyət yazılırdı deyə, qərar verdik ki, oyunlara çıxaq. Ancaq bu il Gəncədə bütün məşqçilər yekdil olaraq deyir ki, şərait verin, oynayaq. AFFA-nın da düşündüyü maksimum şərait “Kəpəz”indir. Məsələ nədir, bizə burda iki konteyner verilib. Şəraiti yoxdur, istilik vermir, üstəlik, iki ayaqyolusu var. Sən 300 uşağa bunu necə çatdıra bilərsən? İki balaca paltardəyişmə otağı var. Bir də görürsən ki, stadionda 6 komanda oynayır, bəs, bu qədər uşağı harda geyindirib, soyunduracaqsan? Ötən il Gəncədə uşaqların telefonları, paltarları itdi, neçə dəfə yağışın altında qaldılar. Əvvəl süni örtüklü meydançaya gedən yol açıq idi, uşaqlar demək olar, maşınlarda paltarlarını dəyişib, oyuna çıxırdılar. Matçdan sonra da eyni qaydada maşında paltarlarını dəyişirdilər”.
Verdiyev AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin əvvəlki müdiri Yusif Vəliyevdən şikayətləndi. O, Vəliyevin işlədiyi dönəmdə bölgələrə gəlib, uşaqlarla, şəraitlə maraqlanmadığını bildirdi:
“Uşaqlar üçün şərait yoxdur. Ötən il soyuqlar düşəndə belə şəraitsizlik üzündən 2-3 yaxşı uşağımız xəstələndi, demək olar, 2-3 ay futbol oynamadılar. Belə şeyləri düşünən yoxdur. Fikirləşirlərsə, öz uşaqlarını da gətirsinlər, bizim stadiona qoysunlar. Elə onların uşaqları da digərləri ilə eyni şəraitdə qalsın, görək, razı olacaqlar? Məsələ budur, öz uşağına rəva bilmədiyini nə üçün özgəyə bilirsən? Məşqçilərə deyirlər ki, futbol bilmirsiz, amma özləri heç stadionda 10 dəqiqə qaçmayıb. 13 ildir, məşqçi işləyirəm, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin əvvəlki müdiri Yusif Vəliyevi bir dəfə görməmişəm. İndi yenisi gəlib, görək, necə olacaq. Emin Cəfərovu çox görmüşük, düzdür. Amma o Yusifi bir dəfə canlı görməmişəm. Uşaqlarçün yolpulunu, topları kəsiblər. AFFA-dan deyirlər ki, bir il səbirli olsunlar, nətər olaq? Bu uşaqlar nə olsun?”
Mütəxəssis problemlərə baxmayaraq, idman məktəblərində kifayət qədər potensiallı uşaqların olduğunu qeyd etdi:
“Biz də istəyirik ki, şəraitimiz normal olsun. Bunları qaydasına qoyun, hansı çempionata deyirsinizsə, gəlib oynayaq. Biz uşaqlarımızı yerdən tapmamışıq, bu vəziyyətdə çempionata qatılmaq, oynamaq mümkün deyil. Uşaq bir dəfə futbolda xəstələnəndə artıq valideyn onu bu sahədən yayındırır. Üstəlik, gələcəkdə bu uşaqlardan biri milliyə düşə, Avropaya gedə bilər. Amma heç kim bunu düşünmür, hamı fikirləşir ki, pulumu qazanım, işim getsin”.
Şahin Cəfərov