Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində “Sabah” səfərdə “Araz-Naxçıvan”a qalib gəldi – 1:0.
Qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Namik Ələskərov “FutbolPress”ə açıqlamasında matçdakı çıxışlarını dəyərləndirdi:
“Matçın çətin keçəcəyini gözləyirdik. Gözlədiyimiz kimi də oldu. “Araz-Naxçıvan” güclü müqavimət göstərdi. Hər iki komanda yaxşı mübarizə apardı. 3 xal bizim üçün çox vacib id. Şükürlər olsun sonda sevinən tərəf biz olduq və bizim üçün lazım olan qələbəni qazandıq”.
Ələskərov qarşıdakı hər 3 matçın onlar üçün final olduğunu dilə gətirdi:
“Hazırda “Qələbə” ilə oyuna köklənmişik. Digər iki oyunu düşünmürük. Hər matç bizim üçün finala bərabərdir. Qeyd etdiyim kimi, buna görə də bütün diqqətimiz “Qəbələ” ilə matça yönəlib. Bilirik ki, bizi çətin oyun gözləyir. Qəbələ səfərindən sonra digər qarşılaşmaları fikirləşmək olar. Turnir cədvəlində sıxlıq müşahidə olunur. Lakin indiki vəziyyətdə hər şey öz əlimizdədir”.
Yarımmüdafiəçi komandanın geridə qalan turlardakı çıxışını da qiymətləndirdi:
“Məncə, komandanın çıxışını normal saymaq olar. Düzdür, daha çox xal toplaya bilərdik. Səhvlərimizə görə xallar itirmişik. Amma yenə də itirilən xalları bərpa etməkdəyik. Bunu bacaracaq potensialımız var. Geridə qalan oyunlarda da qələbə qazanmaq əsas hədəfdir”.
Futbolçu çıxışından razı deyil:
“Öz çıxışımdan razı deyiləm. Mövsümün gedişində ağır zədə aldım və komandama kömək edə bilmədik. Zədədən yeni qayıtmışam, çalışıram ki, formamı bərpa edim. Komandaya mümkün qədər çox kömək etmək istəyirəm”.
Məlik Məlikov