Nəyi, necə dəyişəsən?

Azərbaycan millisi UEFA Millətlər Liqasına məğlubiyyətlə başladı – demək olar, hər turnirdəki kimi. Yeni baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında komanda İsveçlə dueldən məyus ayrıldı – 1:3.

Bu rəqiblə bir neçə ay əvvəl baş tutan oyunda qələbə qazanan Azərbaycan yığmasına bu dəfə də inananlar var idi, amma az kəsim. Əksəriyyət yaxşı başa düşürdü ki, De Byazinin dönəmində alınan İsveç qələbəsi (3:0) təsadüf kimi bir şey idi. İddiası qalmayan rəqibi məğlub etmək, nə qədər olmasa da, hardan baxsan, yaxşı görünür. Tarixdə qalan da nəticə idi və İsveçə qarşı yeganə qələbə o oldu.

Budəfə İsveç yeni baş məşqçinin öndərliyi ilə Millətlər Liqasına başlayırdı və onlarçün qələbə vacib idi. Yaxşı start və qələbə. İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson matçdan sonra dəfələrlə yaxşı oynamadıqlarını bildirdi, qələbəyə baxmayaraq, səhvləri də etiraf edirdi, problemləri də. Lakin 1:3 uduzan Azərbaycan yığmasında baş məşqçi Fernandu Santuş hücumda yaxşı oynadıqlarını bildirdi (cəmi bir qol vuran komanda baş məşqçisi). Əslində, Santuş mümkün qədər pozitiv olmağa çalışırdı, əslində gərgin və qəzəbli olduğunu sezmək olurdu.

Matç zamanı dəfələrə məşqçilər skamyasından meydançanın xəttinə qədər sürətlə gələn, oyunçulara tapşırıqları verən, bəzən özündən çıxan, qaçırılan imkanlara məyusluğunu ifadə edən Santuş haqda nəsə demək yerinə düşməz. Həm yeni iş yeridir, hazırlıq vaxtı az olub, həm də əlindəki material…

Material demişkən, məğlubiyyətdən daha çox müzakirə obyekti isə qaçırılan penaltidir. İlk hissənin sonlarında 11 metrlik zərbə zamanı topu Emin Mahmudovdan (red-kapitan, sözdə komandanın lider) alan Ramil Şeydayev uğursuz oldu. Sadə zərbə, sanki birinci dəfə idi penalti vururdu. Şeydayevin karyerasına baxsaq, kifayət qədər qaçırılan penaltinin şahidi olarıq. Amma bu özgüvən, inam hardan gəldi, bilinmir. Yəqin, hansısa ilahi qüvvə idi, al, vur dedi, vura bilmədi. Ramil bəlkə də, qol vurmaqla adından xoş etdirmək istəyirdi, ancaq olmadı. Bəlkə, gələn bahara… bahara qalacaqmı?

Nə üçün qalacaqmı? Şeydayevin penaltini özbaşına götürməsi narazılıq yaradıb. Baş məşqçi də oyunsonrası konfransında müzakirələrin olacağını dedi. Hansı tədbir görüləcək, o da maraqlıdır. Yaxın zamanda aydınlaşar.

Futbolda belə hallara çox rast gəlinib. Fərq ondadır ki, daha çox özgüvənli olub, belə qərar verənlər penaltini də yerinə yetirir. Belə son hadisə Türkiyədə “Rizespor”da Leonar Kveuke baş məşqçinin etirazına baxmayaraq, topu alır, penaltidən qol vurur. Etiraz səngimir, amma o daha bir qol vurub, komandasına qələbə qazandırır və bir növ düzgün qərar verdiyini məşqçisinə sübut edir. Amma Ramil nə etdi? Nəyi sübut edə bildi? Oyunboyu qaçırılan imkanlar, yaxşı fürsətlərdə komanda yoldaşlarını “görməyən”, özü vurmağa çalışan, epizodları sağa-sola xərcləyən oyunçu… Ramil güclü istedadı, xüsusi bacarığı olan biri deyil. Sadəcə oyunçuda demək olar, hər məşqçinin istədiyi – əzmkarlığı var. Mübarizə aparır, amma məhsuldarlığı, faydalı iş əmsalı necədir? Bu ayrı mövzudur.

Emin Mahmudov da kapitan kimi liderliyini göstərə bilmədi. “Neftçi”də komanda yoldaşı olan ikili yəqin, xətir-hörmət naminə belə qərar verdilər. Yoxsa, millinin bombardiri olmaq üzrə olan biri hansı əsasla penaltini başqa oyunçuya versin? Özü də millinin oyununda, azarkeşlərin önündə, xalın, qələbənin vacib olduğu anda…

İsveç məğlubiyyətində sərgilənən oyunla bağlı çox danışmaq da mənalı deyil. İllərdir dəyişməyən problemlər, çatışmazlıqlar. Müdafiədə problem, yarımmüdafiə sürət qarşısında aciz qalır, hücumçu da bitirə bilmir.

Kamil Əhməd