Azərbaycan Premyer Liqasının VII turunun “Qarabağ” – “Neftçi” oyunundan (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Vacib qələbə qazandıq. Çox yaxşı komandaya qarşı oynayırdıq. “Neftçi”nin oyuna çox ciddi hazırlaşacağını bilirdik və meydanda hiss etdik. İkinci hissədə daha böyük risklərə getdilər və futbolçularımız çətinlik çəkdilər. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm, mədəni və yaxşı azarkeşlik oldu. “Neftçi”yə və Romana uğurlar arzu edirəm.
– “Tottenhem”lə oyun üçün bu görüşdə nəyisə sınaqdan keçirdinizmi?
– Bəzi elementləri, amma çox az alındı. Bəlkə də, oyunun gedişatına görə oldu. Oyunun sonlarına yaxın bəzi oyunçuları dəyişmişdim və az səhv eləməyə başladılar.
– Sanki ötən mövsümün “Qarabağ”ı daha çox istəkli, qol vurmağa meyilli idi. Sizcə, “Tottenhem”lə oyunda yaxşı motivasiya olacaq?
– Motivasiya veriləcək. Tempi nəzərə alsaq, burdakı ilə ordakı eyni olmayacaq. Bu matçları yan-yana qoymaq olmaz. Orada hər şey üstündür – tez düşünmək, sürət, tez qərar vermək. Əfsuslar olsun, tez-tez ritm dəyişir və bu, bizə problem yaşadır. Londonda hər şeyə hazır olmalıyıq. Qarşıda vaxtımız var.
– Ağdamda “İmarət” stadionunun təməli atıldı. Bu haqda fikirlərinizi bilmək istəyirdik…
– Maraqlandım, şəkillərə də baxdım. Əvvəl səhv etmirəmsə, daha böyük tutumu olmalı idi, sonra dəyişdi. Sırf futbol stadionudur, azarkeşlər futbolçulara yaxın olacaq. Az görünə bilər, amma rayon bölgəsi üçün yaxşıdır. Bəlkə, Avroliqa oyunları üçün daha böyük stadion daha yaxşı olardı. Amma indiki məqamda bu da yaxşıdır. Buna sevindim və 2028-ci ilin əvvəlinə kimi tamamlanması gözlənilir.
– “Neftçi” azarkeşi kimi sizi təbrik edirəm. “Neftçi”nin turnir cədvəlində 4 xalı var və 4 qol vurdunuz. Bu, tapşırıq idi, ya 5-ci qola vaxt çatmadı?
– Mən özüm də uşaqlıqdan “Neftçi” azarkeşi olmuşam. Bu komandada oynamışam, işləmişəm. Heç kimə bu mənzərə xoş deyil. Bu suala sona qədər cavab verməyəcəm. Futboldur və hamımızın işində belə nəticələr ola bilər. Bu gün “Qarabağ”ın ardıcıl bütün oyunları qazanacağı dəqiq deyil. Nəinki “Neftçi”yə, heç bir komandaya belə uğursuzluq istəmərəm. Hər biri öz komandamızdır və fanatlar öz azərbaycanlılarımızdır. Avrokubok oyunlarında hamı bir komandaya dəstək olur. Belə vəziyyəti istəmərəm. Məncə, səbirlə gözləmək lazımdır. Belə hallar olanda deyirəm ki, nəsə xeyir var. “Neftçi” böyük tarixə malik klubdur. Əvvəl-axır öz nəticələrini geri qaytaracaq.
– Qara Qarayevin “Neftçi”dən ayrıldıqdan sonra “Qarabağ”a gəlməsini istəyir. Bu məsələyə necə baxırsınız?
– Bu gün belə fikir yoxdur. Amma Qaranın çempionatda iştirak etməməsi məni üzür. Təcrübəli futbolçu və ağıllı insandır. Məncə, doğrusunu düşünəcək. İndiki məqamda onun keçidi ilə bağlı planımız yoxdur.
– Qara Qarayevlə danışmısınızmı?
– Bizim komandada olanda da yığmada oynamırdı. Söhbətimiz olurdu, amma belə söhbətlərdə dərinə getmirəm. Futbolçunun yaşı, təcrübəsi elə həddədir ki, hər şeyi özü düzgün görür. Qaraya həmişə tövsiyəm olub ki, darıxmayın, səbr edin. Məşqçi futbolçunun rəhbəridir və onun dediklərinə əməl edilməlidir. İntizamı saxlamalı, məşqlərdə çox çalışmaq lazımdır. Qara bu gün oynamaya bilər, amma sabah oynayacaq. Çox futbolçuda belə hallar olur. Karyerası sona çatanda müəyyən dəyişikliklər olur. Qara güclü xarakterə sahibdir. Oynamasa da, həmişə məşqlərdə ən yaxşılardan olub. O, oynamayanda heç vaxt məşqçini günahlandırmayıb. Hər zaman səbəbi özündə axtaran biri olub. Qaranın kiminsə arxasıyca danışdığını görməmiş, eşitməmişəm. Buna inanmıram.
– Londona gedib, “Tottenhem”i izləmisinizmi?
– Xeyr. Onları videomateriallarla izləmişik.
Şahin Cəfərov