Serpil Hamdi Tüzün Türkiyə futbol tarixinin ən önəmli adlarından biridir və xüsusilə gənc oyunçuların inkişafına verdiyi töhfələrlə tanınır. 1949-cu ildə İstanbulda anadan olan Tüzün, futbolçu karyerasına kiçik yaşlarda başlayıb, lakin əsas uğurlarını məşqçilik sahəsində əldə edib.
Karyerası:
“Beşiktaş” altyapı sistemi: Serpil Hamdi Tüzün, Beşiktaş klubunda “Özkaynak Düzeni” adlanan altyapı sistemini quraraq, gənc istedadların inkişafına rəhbərlik edib. Bu sistem vasitəsilə Türkiyə futboluna bir çox əfsanəvi oyunçu qazandırıb.
Gənclərdən ibarət milli komanda: Türkiyə U18 milli komandası ilə 1992-ci ildə Avropa çempionu, 1993-cü ildə Avropa ikincisi, 1994-cü ildə isə U16 komandası ilə Avropa çempionu olub.
Yenilikçi metodlar: Taktiki təlimlərdə və oyunçuların psixoloji hazırlığında fərqli və yenilikçi yanaşmalar tətbiq edərək, həm gənc oyunçulara, həm də Türkiyə futboluna yeni bir baxış gətirib.
Töhfələri:
– Onun rəhbərliyi ilə yetişən futbolçular arasında Feyyaz Uçar, Sergen Yalçın, Rıza Çalımbay kimi tanınmış adlar var.
– Təhsil yanaşması: Serpil Hamdi Tüzün oyunçulara yalnız texniki və taktiki biliklər deyil, həm də zehni hazırlıq və özünəinam qazandırmağı əsas məqsəd kimi görürdü.
İrsi:
Gənclərə fokuslanaraq həm akademik, həm də praktiki tərəfini gücləndirən nadir məşqçilərdən biri olaraq tarixdə yer alıb. Onun son dövrlər verdiyi ən uzun müsahibəsinin əsas məqamlarına nəzər yetirək.
– Futbolçunun sağlam inkişafı üçün məşqçilər və klublar nə etməlidir?
– Futbol dörd əsas element üzərində qurulub: fiziki keyfiyyətlər, zehni keyfiyyətlər, taktiki və motivasiya keyfiyyətləri. Bu işlərdə ağılla və elmi əsaslarla çalışmaq vacibdir. Müəllimlik haqqında çoxlu təriflər var, amma mənim fikrimcə, ən düzgün tərif “bir şeyləri dəyişdirmək”dir. Uşağın əvvəllər etdiyi işi indi daha yaxşı etməsi, əvvəllər bacarmadığı işi bacarması bizim işimizdir. Bu da mərkəzi sinir sisteminin funksiyasıdır. Beynimizdə 125 milyard neyron var. Neyronlar arasındakı əlaqələri genişləndirməyi bacarmalıyıq. Bu, daş üstünə daş qoymaq kimi bir şeydir. Amma futbol dünyasında böyük bir boşluq var: elm həmişə fiziki keyfiyyətlərin yaxşılaşdırılmasında istifadə edilib — qüvvət, sürət, çeviklik və s. Əsas məsələ isə budur: beyinə diqqət etməliyik. Bu işdə ani qərar qəbul etmək çox önəmlidir. Uşaqlara düzgün oynamağı detallı öyrətmək lazımdır.
– Avropa futbolunda klişelərə çox bağlılıq varmı?
– Tamamilə. Mən oyunla bağlı söhbətlərimdə heç vaxt rəqibdən danışmıram. Proaktiv olmağın əsas qaydası budur. Biz bir çox oyunu meydançaya çıxmadan qazanmışıq.
– Son 10 ildə Türkiyə futbolunu necə görürsünüz? Daha çox müdafiə oynamağı üstün tuturuq?
– Mənim rəhbərliyim altında olan komandalar bir oyun ərzində üç dəfə oyun planını dəyişirdi. “Beşiktaş”ın gənclər komandalarını izləyənlərdən soruşun. O oyunları izləyən tamaşaçıların sayı bəzən peşəkar komandaların tamaşaçılarından çox olurdu. Bizim oyun bitdikdən sonra 2 min insan stadionu tərk edirdi. Görülən işə maraqdan söhbət gedir.
– Metin-Ali-Feyyaz dövrü haqqında nə düşünürsünüz?
– “Beşiktaş” deyəndə insanların ağlına Metin, Ali, Feyyaz gəlir. Bu, “Beşiktaş”ın tarixinə yanlış baxışdır. Metin-Ali-Feyyaz çox düzgün və dəyərli futbolçular idi. Amma “Beşiktaş” bununla məhdudlaşmır. 1975-ci ildə “mənbədən oyunçu yetişdirmə” sistemi quruldu. 1978-ci ildə ilk yetirmələr peşəkar komandada oynadı. 1981-82 mövsümündə “Beşiktaş” 14 ildən sonra çempion oldu. Bu, böyük dəyişiklik idi. Sonra əlavə olunan Rıza, Haluk, Tuğrul, Fikret, Sinan… klub o illər ərzində altı dəfə çempion, altı dəfə ikinci oldu. Qordon isə bu uğura sonradan qoşuldu. Yəni o, bu işi təkbaşına görməyib.
– Klub bir məşqçi gətirəndə ondan nə gözləyir?
– Əsas məqsəd peşəkar komandanın yaxşı işləməsi və uğurlu nəticələr əldə etməsidir.
– Oyuncu inkişafı da bu işin bir hissəsidirmi?
– Bəli, amma fərqləndirmək lazımdır. Oyuncunun inkişafı üçün köklərə enmək və prosesə uzunmüddətli yanaşmaq lazımdır. 1981-82 mövsümündə “Beşiktaş” çempion oldu. O dövrdə komandanın 24 oyunçusundan 8-i klubun akademiyasından yetişmişdi və onların 3-4-ü açar oyunçular idi. Bugünkü media isə çox vaxt bu yanaşmadan bəhs etmir.
– 1992-ci ildə U18 komandası ilə Avropa Çempionluğu yaşadınız.
– 1992-ci ildə 18 yaşadək gənclər komandası Avropa çempionu oldu. 1993-cü ildə həmin komanda Avropa ikincisi, 1994-cü ildə isə 16 yaşadək gənclər komandası Avropa çempionu oldu. UEFA bizə “Zəfər mükafatı” təqdim etdi.
– Sizdən sonra Abdullah Avcı da böyük uğur qazandı. Amma əsas yetişdirilən oyunçular əsas komandaya keçəndə sanki tükənit. Bunun səbəbi nədir?
– Oyunçular gələcəyə yönəlik şəkildə hazırlanmalı və inkişaf etdirilməlidir. Biz 14-15 yaşında bir uşağı qəbul etdiyimiz zaman, onu bu günün deyil, 3-4 il sonranın futboluna uyğun şəkildə yetişdirməliyik. Onu həmin zamana hazırlamaq əsas məsələdir.
– Beynəlxalq oyun təcrübəsi də vacib deyilmi?
– Mustafa Kocabey və onun komanda yoldaşlarının olduğu dövr idi, Polşaya getdik və 3:0 qalib gəldik. Rəqib komandanın uşaqları ağlayırdı. Mən isə bizim uşaqları toplayıb dedim: “Baxın, iki il sonra bu komanda sizin qarşınıza Gənclər Millisi olaraq çıxacaq. 3-4 il sonra isə əsas komanda kimi qarşınızda olacaq və onlar sizin nə qədər güclü olduğunuzu xatırlayacaqlar. Meydana psixoloji olaraq məğlub çıxacaqlar.” Bu, psixologiyada “nəticə transferi” adlanır. Yəni “İndiki yaxşı vəziyyəti gələcəkdə daha yaxşı bir nəticə ilə əlaqələndirmək”. Bizim işimiz bu gənc oyunçuları əsas komandada oynayacaq səviyyəyə gətirməkdir. 2002-ci ildə Türkiyə Dünya Kubokunda üçüncü oldu. Həmin komandanın hazırlıq dövründə Fatih Tekke, Fatih Akyel, Ayhan Akman, Okan, Mustafa, Oktay, Sergen, Yıldıray kimi oyunçular bu düşüncə tərzindən keçmişdilər.
– Milli komandada qəribə bir hal var. Birdən böyük sıçrayış olur, sonra isə qrupdan çıxa bilmirik. Bunun səbəbi nədir?
– Dünyada futbol elə də yüksək səviyyədə oynanılmır. Bizim insanımız da istedadsız deyil. “Vətən, millət” ədəbiyyatına girişmirəm. Hər kəs nə qədər oynaya bilirsə, bizimkilər də o qədər oynaya bilər. Verirsənsə, alacaqsan. Almırsansa, verməmisən deməkdir. 20 il əvvəl türk futbolçusu günahkar göstərilirdi. Onlar günahkar deyildi, qurban idi. Onlara nəyisə verə bilməyən və yaxud verməyən rəhbərlər günahkardır. Mən 6 il ərzində tam səlahiyyətlə gənclər milli komandalarını çalışdırdım. 11 qrupdan 8-də A Gənc və B Gənc komandaları ilə final mərhələlərinə çıxmağı bacardıq. Bu, davamlılıqdır. Aşağıdakı təlim-tədris keyfiyyəti yuxarıda da davam etməlidir. Böyük uğurlar bu yanaşma əsasında qazanılır.
– 1993-cü ildə İngiltərədə Portuqaliya ilə bir oyuna çıxdınız. Sizi təəccübləndirən nələr oldu? Bu oyunu təsvir edə bilərsinizmi?
– Çox güclü bir komanda idilər. Biz bərabərə qalsaq, finala çıxırdıq, Portuqaliya isə bizi mütləq məğlub etməli idi. Oyuna 1-9-1 taktiki düzülüşü ilə çıxdılar. İrəlidə yalnız bir futbolçu vardı, bizim iki müdafiəçimiz və qapıçımız onu izləyirdi. Komandanın qalan hissəsi mərkəz xəttin 15 metr arxasında mövqe tutmuşdu. Topu alan futbolçu dərhal irəliyə, hücumçuya ötürürdü. 100 saat da oynasaq, biz o sistemə qarşı qol buraxmazdıq.
Artıq oyuna təzyiqlə başlamışdıq və 4-cü dəqiqədə qol vurduq. Plan dəyişə bilər deyə, köməkçim Necati müəllimdən Portuqaliyanı analiz etməsini istədim. Oyun ərzində 5 dəqiqədən bir, rəqibin toplu oyunda nə etdiyini mənə məlumat verməsini xahiş etdim. Mən ümumi oyuna baxırdım. İlk 15-20 dəqiqədə heç bir dəyişiklik yox idi. Təəccüblənmişdim. İkinci hissəyə də təzyiqlə başladıq və bir qol da vuraraq oyunu 2:0 hesabı ilə qazandıq.
Bu oyun bir dövrün sona çatdığını sübut etdi. Başqa bir oyunda isə mərkəz xəttin 10 metr arxasından aut atırdıq və rəqib komanda bütün 11 oyunçusu ilə cərimə meydançasına qapanırdı. Bu, futbolçular üçün çox fərqli bir vəziyyət idi.
1994-cü il turnirindən sonra Dublin-də keçirilən Dünya Kubokunda 4-cü, 3-cü və 2-ci yerləri tutan komandaların nümayəndələri gəlib bizim oyunçuları təbrik etdilər. Bu uşaqlar bu təcrübələri yaşadılar. Bu, özünəinam məsələsidir və futbolda ən vacib amildir. “Sky” Televiziyasından Martin Teylor oyundan sonra mənimlə müsahibə almaq istədi. Təxminən 1.5 saat danışdıq. Proqram zamanı dedi: “7 yaşında bir oğlum var, kaş ki sizinlə komandada öyrənərdi”.
Final oyunu öncəsi isə bir az çəkinərək dedi: “Mən final oyunlarından əvvəl soyunub-geyinmə otaqlarını çox maraqlı hesab edirəm.” Onun nə demək istədiyini başa düşdüm və dedim: “Oyundan 80 dəqiqə əvvəl gəlin, 10 dəqiqə qalın. Amma çox təəccüblənəcəksiniz.” Otaqda başını aşağı salmış, tavana baxan, gərgin oyunçular görməyəcəksiniz. “Soyunma otağında özünəinamı görəcəksiniz” – dedim.
Bu uğurların bir çoxunun bir tutarlı səbəbi vardı – biz bir komanda olduq, özünəinam qazandıq. Həmişə müdafiə, həmişə müdafiə… Bu anlayışı dəyişdik.
– Türkiyədəki kiçik yaş qruplarında uşaqlara çox taktiki bilgi vermək yaradıcılığa mane olurmu?
– Problem məhz buradadır. Alman futbolunda da belədir, yalnız fiziki keyfiyyətlərlə maraqlanırlar. Məsələn, Bekkenauer bir dəfə “Kickers” jurnalına verdiyi müsahibədə demişdi: “Oğlumu “Bayern”in akademiyasına göndərmərəm, çünki orada futboldan başqa hər şey var.”
Mənim də yanaşmam bu cürdür. Düzgün qərar bu işin əsasını təşkil edir. Uşaq özünəinam qazanacağı və komanda ruhu olan yerdə öyrənməlidir. Bu, sanki bir kibernetikadır. Mən uşaqların özünəinam qazanmasını təmin edirəm. Bu isə psixo-kibernetikadır. İnsan bədənində ən tez inkişaf edən orqan beyindir. Bəs nə üçün biz uşaqlara beyindən düzgün istifadə etməyi öyrətməyək? Əvvəl bəyin öyrənməlidir, bunun üçün ruhən sakit, inamlı olmalıdır, daha sonra ayaqlar və s.
Bizdə beyin yalnız əzbər çalışmaların bir zibilxanası kimi istifadə edilib. İllər əvvəl İngiltərədə də bunu demişdim. Ya 1971, ya da 1972-ci ildə bir seminar zamanı. 1966 Dünya Kubokunun kadrlarını göstərirdilər. Mən dedim: “Bu düşüncə ilə davam etsəniz, daha 20 il bu kuboku göstərməkdən başqa bir şey etməyəcəksiniz.” Əgər taktiki məşqlər əzbər şəkildə edilərsə, bu, mənim üçün dünyanın sonu deməkdir. İngiltərə milli komandasının uğursuzluğunun səbəbi budur.
– Özkaynak sistemi nədir? “Beşiktaş” bu sistemə sadiq qaldımı?
– Axırdan başlayım. Türkiyədəki tətbiqlərə uzağam, amma Gökhan Keskinlə yeni bir struktur qurulması barədə xəbəri oxuyanda sevindim. O, yaxşı işlər görmək potensialına malik biridir. Serdar Özkan hələ də açar oyunçu olmaq potensialını daşıyır. İbrahim Kaş isə bu qədər deyil. A komandada müntəzəm oynayan başqa oyunçular haqqında bilmirəm. Hətta Serdar Özkan belə yetərli sayıla bilməz. “Altyapı” adətən istifadə olunan termindir, amma terminologiya vacibdir. “Altyapı” deyəndə, divarlar, pəncərələr, kanalizasiya kimi şeylər ağla gəlir. Biz isə insanla məşğul oluruq. Bu, həmin klubda gözünü açmış, o klubun adət-ənənələrini mənimsəmiş insanların bir sistem daxilində yetişdirilməsidir. “Mənbə”sözündə təmizlik, saflıq var. Uşaqlar kimi. Sistem deyəndə isə şüurlu, planlı işləri nəzərdə tuturuq. Uğur təsadüfən qazanılır, sistematik işlə əldə olunur.
– Oyun sistemi mövzusuna gələk. Deyilənə görə, “Ayaks”ın bütün komandaları eyni sistemdə oynayır. Bu yanaşma düzgündürmü?
– Bu, müsbət bir şey kimi danışılır. Amma mən bunun çox yanlış olduğunu düşünürəm. Belə komandalarla oynamaq daha asandır. Açar söz “təkrar” deyil, “dəyişiklik”dir. Mən uşaqların dəyişiklikləri qavramasını istəyirəm. Hər yaş qrupuna keçiddə yeni şeyləri öyrənmək daha yaxşı effekt verər, nəinki eyni əzbərləri. Əzbərdən hər zaman uzaq olmuşuq. “Ayax” isə bu yanaşmanı kommersiya baxımından istifadə etdi və satdı.
– Amma bütün ölkə eyni futbolu oynayır.
– Amma oyunçuların əksəriyyəti Niderlanddan kənara çıxdı, çünki pul oradaydı. “Eyni”, “təkrar”, “əzbər” sözləri artıq 40 ildir futbola damğasını vurub. Mənim üçün isə bu sözlər qadağandır. Xüsusilə Almaniyadan gələn uşaqlara, o cümlədən Yıldıraya, beyinlərini sərbəst buraxmalarını söyləmişəm.
– Bu durum baş məşqçinin oyuna təsirini azaldırmı?
– Mən komandalarıma tamamilə hakim olduğumu düşünürəm. Mən oyunçulara düşüncədən düşüncəyə atlamağı öyrətməyə çalışıram. İstəyirəm ki, xəyal etdikləri şeylər yalnız yuxularında qalmasın. Məni ən çox əsəbiləşdirən oyunçular, potensialını ortaya çıxara bilməyənlərdir. Bizim işimiz, oyunçuları edə biləcəklərinə inandırmaqdır.
– Forma nömrələrini mövqelərdən kənar şəkildə verməyinizin səbəbi nə idi?
– 2-4-6, 3-5-7… Cüt nömrələr sağ cinahda sərbəst şəkildə, tək nömrələr isə sol cinahda sərbəst şəkildə oynayırdı. Oyunçular mövqeyə görə dönüşürdülər. Mən bunu oyunçuların daha asan başa düşməsi üçün edirdim. Qalan nömrələr – 8, 9, 10 və 11 – mərkəz xətti təşkil edirdi.
– Əcnəbi oyunçu seçimi necə edilməlidir?
– Ən yaxşı oyunçular gətirilməlidir. Mən yerli və ya əcnəbi fərq qoymuram, əsas olan ən yaxşı oyunçularla oynamaqdır.
Reportaj: Onur Yazıcıoğlu
Tərcümə: Əliheydər Zeynalzadə
“FutbolPress”