“Nəyəsə güvənib, arxayınlaşmaq olmaz” – Sərtan

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sabah”la heç-heçə edib – 3:3.

“Kimyaçılar”ın müdafiəçisi Sərtan Taşkın “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Çətin oyun olacağını bilirdik. Geri düşsək də, qol epizodlarından yararlanıb, hesabı bərabərləşdirdik. Məncə, bir xal da pis deyil”.

Taşkın uzun müddət qolsuzluq seriyasını bitirmələri haqda bunları söylədi:

“Əslində, nələrisə dəyişmədik. Sadəcə indi qol imaknarımızı dəyərləndirməyə başlamışıq. Əvvəl oyunlara necə hazırlaşırdıqsa, indi də elə edirik”.

“Sumqayıt” 28 turdan sonra 29 xalla 7-ci sıradadır. Komanda autsayder “Səbail”dən 10 xal öndədir. Sərtan xal fərqinin çox olmasına baxmayaraq, rahatlaşmadıqlarını əlavə etdi:

“Çempionat davam edir və qarşıda oyunlar var. Nəyəsə güvənib, arxayınlaşmaq olmaz. Hər oyuna qələbə üçün çıxırıq. Çalışacağıq ki, maksimum xallar qazanaq”.

Müdafiəçi sonda öz oyununa toxundu:

“Oyunumdan tam razı deyiləm. Daha yaxşısını edə bilərəm”.

Şahin Cəfərov