“Nəticə önəmli deyil, əsas olan uşaqların inkişafıdır”

“Sabah”ın U-13 komandasının iştirak etdiyi, Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

U-13 turniri 36 komanda arasında 9-cu sırada bitirib.

U-13-ün baş məşqçisi Nasir Nasirli “Futbolpress.az“a açıqlamasında turnirlə bağlı fikirlərini bölüşdü:

“Əvvəla rəhbərliyə komandamızı bu turnirə göndərdiyinə görə təşəkkür edirəm. “Mançester Siti”, “Köln” kimi komandaların yarışdığı turnirdə iştirak uşaqlar üçün çox faydalı olacaq. Turnirdə 36 komanda çıxış edir və çox yüksək səviyyədə təşkil olunub. Uşaqlar bu turnirdə iştirak etməklə təkcə futbol baxımından yox, həmçinin başqa ölkə klublarının futbolçuları ilə ünsiyyətdə oldular ki, bu da onların dünya görüşünün artmasına da çox böyük kömək olur. Turnirdə komandalar hərəsində 4 komanda olmaqla 9 qrupa bölünüb. Biz “Mançester Siti”, “Konyaspor” və “Hatay” komandaları ilə bir qrupda yer almışdıq. Qrupda 2 qələbə qazandıq, 1 oyunda uduzduq. İlk matçımız “Mançester Siti”yə qarşı oldu. Uşaqlar bu oyunda gözəl, keyfiyyətli futbol oynadılar, baxımlı qollar vurduq. Bu cür oyunlarda nəticə önəmli deyil, əsas olan uşaqların inkişafıdır. Bu oyunlar komandada çatışmayan cəhətlərin üzə çıxması baxımından çox əhəmiyyətlidir. Oyundan sonra “Mançester Siti”nin məşqçiləri də ünsiyyətdə olduq, fikir mübadiləsi apardıq. Onlar artıq 2 ildir 11-11-ə oyunlar keçirirlər. Biz isə bu yaş qrupunda 9-9-a oynayırıq. Turnirdən cəmi 2 həftə öncə 11-11-ə oyun üzərində çalışmışdıq. Onlarda 13 yaşlıların özündə bir neçə liqa fəaliyyət göstərir. Peşəkar futbolda olduğu kimi aşağı yaş qruplarında da aşağı liqaya düşmə var. Bu, rəqabətin artmasına hesablanıb. Ümumi götürdükdə bu cür turnirlərin istər dünya görüşünün artması, istərsə beynəlxalq futbol təcrübəsinin yaranması baxımından uşaqlar üçün əvəzsizdir”.

Şahin Cəfərov