Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Şamaxı” hazırlıqlara başlayıb. “Şirlər”in yeni transferi – qapıçı Kamal Bayramov “FutbolPress“ə açıqlamasında komandadakı atmosferdən, hazırlıq prosesindən danışdı:
“Üç gündür, məşqlərə başlamışıq. Hər şey yolundadır. Yeni komandayıq və uyğunlaşma prosesi gedir. Gündəlik bir məşqlə kifayətlənirik. İstirahətdən sonra yenidən uyğunlaşma çətinlik yaradır, amma buna hazırlıqlı idik. İnanıram ki, mübariz komanda formalaşacaq”.
“Şamaxı” transferdə aktiv klublardandır. Ötənmövsümkü heyətdən bir çox futbolçu ilə yollarını ayıran kluba yeni gələnlər də az deyil. Təcrübəli qapıçı Bayramov yeni mövsümlə bağlı fikirlərini bölüşdü:
“Heyətdə dəyişikliklər çoxdur və bu, normal haldır. Hədəflərimiz haqda danışmaq düzgün çıxmaz. Futbolçular olaraq mübariz bir komanda olmaq istəyirik. Qayğıkeş baş məşqçimiz var və onun ümidlərini doğrultmağa çalışacağıq. Əsas hədəf azarkeşləri sevindirməkdir. Onlar hər zaman komandaya dəstəyini göstərib”.
“Şamaxı” Bayramovla yanaşı, daha bir qapıçı Rikardo Rodriqesi sıralarına cəlb edib. Ehtimal olunur ki, komandanın əsas qolkiperi də məhz Rodriqes olacaq. Bayramov ehtiyat oyunçu statusunda olmaqdan narahatlıq keçirmədiyini qeyd etdi:
“Mənim üçün əsas, ya ehtiyat oyunçu olmağın fərqi yoxdur. Qərarları baş məşqçimiz verəcək və buna hörmətlə yanaşacağıq. Abbasovla yaxşı münasibətlərimiz var, ancaq bu, o demək deyil ki, meydanda dost, qohum anlayışı var. Kim daha hazırlıqlıdır, o da oynayacaq. Səmimi deyirəm, onun fəlsəfəsi mənə uyğundur və ona görə də buradayam. Ümumiyyətlə, əsas və ehtiyat oyunçu məsələsi bütün komandada eyni qaydada olacaq. Kim layiqdir, oynayacaq”.
Şahin Cəfərov