Azərbaycan Premyer Liqasında XI tur başa çatıb. Millinin sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında turla bağlı fikirlərini bölüşdü:
“Turda təəccüblü nə iləsə qarşılaşmadıq. Buna baxmayaraq, çoxlu mübahisəli hakim qərarları oldu. “Turan Tovuz” – “Kəpəz” oyununda ilk hissədə meydan sahibləri yaxşı görünmürdü. İlk hissədə qonaqlar daha yaxşı görünürdü. Birinci qolda da şübhəli məqamlar var idi. Buna baxmayaraq, tovuzlular ev oyununda qələbə qazandı, yaxşı oynamasalar da…”
Mütəxəssis “Araz-Naxçıvan” – “Zirə” oyununda meydan sahiblərinin qazandığı penaltinin şübhəli olduğunu bildirdi:
“Araz-Naxçıvan” – “Zirə” oyunu da maraqlı alındı. Meydan sahibləri penaltidən qol vurub, bir xal qazandı. Amma düşünürəm ki, bu epizodda penalti olmaya bilərdi. Bu cür situasiyalarda hansı qərarlar verilməli olduğunu bilmirəm. Bu haqda məlumat versələr, yaxşı olar. Amma hər iki komanda ehtiyatlı oynamağa çalışırdı. “Zirə” qolu vurandan sonra az risk etdi. Lakin “Araz-Naxçıvan” rəqibinin fərdi səhvindən sonra qol vurub, bir xal qazandı.
“Səbail” – “Sumqayıt” oyununda ilk hissədə meydan sahibləri daha aktiv göründü, amma qonaqlar rasional oldu. “Sumqayıt” qol vurandan sonra müdafiəyə çəkildi və hesabı qorumağa çalışdılar. Yeni baş məşqçinin rəhbərliyi altında qazanılan qələbə önəmli oldu”.
Kərimov turun “Sabah” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” oyunları haqda bunları dedi:
“Turun mərkəzi görüşü “Sabah” ilə “Neftçi” arasında oldu. Hər iki komanda xal qazanmaq üçün meydana çıxmışdı. “Neftçi” zəif görünən tərəf idi. Xüsusilə, ikinci hissədə komandada geriləmə hiss edilirdi. Ümumi danışsaq, “Sabah”ın bəxti gətirmədi. Həm çoxsaylı qol epizodları yaratdılar, həm də penaltidən yararlana bilmədilər. Sonda hər iki komanda bir xal qazandı. Əslində bu nəticə sürpriz olmadı.
“Qarabağ”ın “Şamaxı”nı məğlub edəcəyi gözlənilən idi. İlk hissədə “Şamaxı” müdafiədə etibarlı oynayırdı. İkinci hissədə verilən penalti mübahisəli idi. “Qarabağ”ın bunun sayəsində qələbə qazandığını demək olmaz. Amma fikirləşirəm ki, qazanılan penalti düzgün deyildi. 10 hakimin 9-u bu penaltini verməzdi. Əksinə, “Qarabağ”ın qapıçısı “Şamaxı”nın oyunçusuna qarşı kobud oynamışdı. Kaşukun epizoduna penalti verilirsə, “Şamaxı”nın oyunçusuna edilən penalti də verilməli idi. Amma bunlara baxmayaraq, “Qarabağ”ın hər bir halda, qələbə qazanacağını düşünürəm”.
Kərimov turun yekunları haqda da danışdı:
“Mübahisəli hakim qərarları ilə önə çıxan turda sürpriz nəticə olmadı. Qarşıdakı turlarda maraqlı oyunlar olacaq. Məsələn, “Kəpəz” bu turda “Turan Tovuz”u məğlub edə bilərdi. Qarşıdakı matçlarda sürpriz nəticələr qeydə alına bilər və bu, çempionatı daha maraqlı edəcək”.
Şahin Cəfərov