Mövsümün əvvəlində hədəfi çempionluq olan MOİK: “Çalışacağıq ki, 3-cü olaq”

Azərbaycan I Liqasında mübarizə bitmək üzrədir. Mövsümə iddialı başlayaraq qarşılarına çempionluq hədəfi qoyan MOİK hazırda 45 xalla 4-cüdür. Komanda son turda “Araz-Saatlı” üzərində 5:0 hesabı ilə qələbə qazandı.

“Hərbiçilər”in hücumçusu Sabir Allahquliyev “FutbolPress”ə açıqlamasında son qazanılan qələbədən danışdı:

“Araz-Saatlı”nın liqanı tərk edəcəyi rəsmiləşib. Nəticələrinə baxdıqda demək olar ki, yetərincə güclü komanda deyil. Buna görə də Saatlıya qələbə üçün getmişdik. Öz oyunumuzu oynayıb, rahat qələbə qazandıq. Bizə 3 xal hava və su kimi lazım idi. Sona qədər mübarizə aparıb mükafatçılar sırasında düşmək istəyirik. Buna görə qaşıdakı hər oyuna yalnız və yalnız qələbə üçün çıxmalıyıq”.

Komanda növbəti tur “Difai Ağsu” ilə qarşılaşacaq. “Hərbiçilər” bu matçda maksimum nəticəni hədəfləyib:

“Difai Ağsu” asan rəqib deyil. Ev oyunlarında uğurlu nəticə göstərməyi bacarırlar. Lakin qeyd etdiyim kimi, biz bundan sonrakı bütün oyunlarımızı 3 xalla tamamlamalıyıq. Başqa şansımız yoxdur. Son turda isə rəqibimiz “İmişli” olacaq. Bu komanda olduqca güclüdür. “İmişli”ni məğlub edib, 3-cü yeri tutmaq istəyirik. Ancaq qələbələr bizim mükafatçılar sırasına düşməyimizə kömək edə bilər”.

Müsahibim mövsümün əvvəlində hədəfi çempionluq olan MOİK-in liqanın gedişində niyə zəif nəticə göstərməsinin səbəblərini açıqladı:

“Çempionata yaxşı başlamışdıq. Hədəfimiz çempionluq idi. Lakin gedişatda bir neçə futbolçumuz zədə aldı, cəzalı olanlar var idi. Bunlar da çıxışımıza təsir etdi. Demək olar, hər oyuna fərqli heyətlərlə çıxırdıq. Ona görə xallar itirməyə başladıq. Lakin hələ də heç nə bitməyib, çalışacağıq ki, 3-cü olaq. Mütləq şəkildə son iki oyunda qələbə qazanmalıyıq. Ümumilikdə götürdükdə isə yaxşı heyətimiz var. Geridə qalan oyunlarımıza baxsaq, pis təsir bağışlamamışıq”.

Məlik Məlikov