Mövsümlərarası fasilə: TPL klubları necə hazırlaşır? (LAYİHƏ)

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə “Ölkə futboluna güzgü tutaq” mövzusunda qalib elan edildi. Layihə ilə bağlı sonuncu yazını təqdim edirik.
 
Ölkədə futbol mövsümü rəsmən mayın 5-də başa çatmışdı. Bundan sonra uzunmüddətli fasilə dövrü başladı. Təbii ki, bu, istirahətlə yanaşı klubların növbəti mövsümə hazırlaşması üçündü – təlim-məşq toplanışı, yoxlama görüşləri, heyətin komplektləşdirilməsi fəaliyyəti və s. Artıq bu dönəmin iki ayı geridə qalıb. Avqustun ortaları Premyer Liqada yeni mövsümün başlayacağını nəzərə alsaq, klublar üçün təxminən ayyarım vaxt qalır. Bəs TPL təmsilçiləri geridə qalan müddətdən necə istifadə edib?
 
“Zirə”
 
Hazırlığa ən birinci “Zirə” başladı. İlk dəfə Avropa Liqasında çıxış edəcək paytaxt klubu mayın 24-də bir araya gəldi və iyunun 9-dək Bakıda hazırlıq keçdi. İki gün sonra Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Türkiyənin Bolu şəhərində hazırlığın əsas mərhələsinə başladı. Ayın 21-dək davam edən toplanış zamanı qəsəbə klubu üç yoxlama oyununda qüvvəsini sınadı.
 
İyunun 13-də Bakı “İnter”inə 2:0 qalib gələn “qartallar” ikinci matçda Kamerunun “Kolumbe Sportive” klubuna divan tutdular – 8:0. Son yoxlama görüşü isə Rumıniya çempionu “Astra” ilə baş tutdu. Ayxan Abbasovun komandası bu oyundan məğlub ayrıldı – 1:2.
 
Bolu toplanışından sonra komanda Bakıya qayıtdı və AL-in I təsnifat mərhələsində “Differdanj”la (Lüksemburq) oyuna paytaxtda hazırlaşdı.
 
“Zirə” transfer dönəminin ən aktiv komandalarındandır. Paytaxt klubu, demək olar ki, transfer fəaliyyətini başa vurub. Bir neçə oyunçu ilə yollarını ayırmasına baxmayaraq, “Zirə”nin gedənlərdən daha yaxşılarını gətirdiyini demək olar. Elə Avropa Liqasının I təsnifat mərhələsində “Differdanj”la (2:0) ilk oyun da bunu deməyə əsas verir. Təsadüfi deyil ki, komandanın ilk qolunun ötürməsini verən yeni transfer Kervens Belfort sonradan özü də adını tabloya yazdıraraq, son nəticəni müəyyənləşdirdi.


 
“Zirə” transfer dönəmində indiyə qədər heyətinə 9 futbolçu cəlb edib. Onların arasında 4-ü legionerdir. Son mövsümü bu komandada keçirən Vüqar Mustafayev “Qarabağ”dan birdəfəlik alınıbsa, bu gün Yusif Nəbiyev “Qəbələ”dən götürüldü. Qəsəbə təmsilçisinin bundan sonra daha bir legioner futbolçu transfer edəcəyi gözlənilir.
 
“Zirə”nin heyət baxımından ən ağır itkisi kapitan Elvin Məmmədovun “Qəbələ”yə keçməsi sayıla bilər. Ancaq onun əvəzinə də “Qəbələ”dən ayrılan Rəşad Sadiqov cəlb edildi ki, AL-də ilk oyun zamanı bu keçidin özünü doğruldacağına inam artdı.
 
 
“İnter”
 
Avropa Liqasının I təsnifat mərhələsində yarışan digər təmsilçimiz “İnter” haqqında danışdığımız “Zirə”dən bir gün sonra – iyunun 25-də hazırlığa start verdi. “Sabiq bankirlər” iyunun 6-da Türkiyənin Bolu bölgəsinə yollandılar və ayın 18-dək orda hazırlaşdılar. Bundan sonra Bakıya qayıdan komanda AL-in I təsnifat mərhələsində “Mladost” (Serbiya) ilə oyuna son hazırlıqları paytaxtda keçirdi.
 
“İnter” Boludakı təlim-məşq toplanışı zamanı üç yoxlama oyununda qüvvəsini sınadı. Zaur Svanadze əvvəlcə komandasını “Zirə”yə qarşı iş başında gördü. Artıq qeyd etdiyimiz kimi bu görüş qəsəbə klubunun qələbəsiylə başa çatdı – 2:0. Bundan sonra “Zirə”nin 8 top vurduğu “Kolumbe Sportive” minimal hesabla (1:0) məğlub  edildi. Son yoxlama görüşündə isə paytaxt klubu Rumıniya çempionu “Vitorul”a qalib gəldi – 2:1. Komandanın baş məşqçisi Zaur Svanadze də məhz bu oyundan razı qaldığını açıqlamışdı.


 
Transfer qadağası olan “İnter” heyətinə yeni oyunçu cəlb edə bilmir. Ancaq komandadan gedənlər də çox deyil. Abbas Hüseynov “Qarabağ”a keçibsə, Zurab Xizanişvili karyerasını başa vurub. Komandanın əsas “çərçivə” qoruyucusu Səlahət Ağayev isə “İnter”in avrokuboklarda iştirakı başa çatdıqdan sonra (!) “Neftçi”yə yollanacaq.
 
Heyətlə bağlı problemlərə və ümumiyyətlə, klubun başının üstünü alan qara buludlara baxmayaraq, “İnter” Avropa Liqasına əla start verdi. Serbiyada “Mladost”a 3 cavabsız qolla qalib gələn Svanadzenin komandası növbəti mərhələyə vəsiqəni, demək olar ki, təmin edib. Bakıdakı oyunda qazanılacaq sərfəli nəticə təmsilçimizi “Fola” (Lüksemburq) – “Milsami” (Moldova)  duelinin güclüsünə (ilk oyun 2:1) rəqib edəcək.
 

“Qarabağ”
 
Son çempion hazırlığa iyunun 1-də Bakıda başladı və ayın 15-dək paytaxtda hazırlaşdı. Ağdam klubu həmin müddət ərzində hazırda həvəskarlar liqasında çıxış edən “Bakı” ilə yoxlama oyununda qüvvəsini sınadı – 9:0. İyunun 16-da Avstriyaya yollanan “süvarilər” indiyə qədər 3 yoxlama oyunu keçirib.
 
“Qarabağ” yoxlama görüşlərinin hamısında meydanı məğlub tərk edib. Əvvəlcə “Axmat”a (0:1) uduzan təmsilçimiz ardınca Bolqarıstan ÇSKA-na daha böyük hesabla məğlub oldu – 2:5. Hələlik son yoxlama görüşündə isə “Qarabağ” Moskva “Dinamo”suna minimal hesabla (0:1) yenilib. Komanda bundan sonrakı sınaq matçında Danimarka “Brondbü”sü qarşılaşacaq.


 
“Dinamo”ya məğlubiyyətdən sonra Moskva klubunun baş məşqçisi Yuri Kalitvinçev “Qarabağ”ın ÇL-də oynayacaq komanda təsiri bağışlamadığını bildirmişdi. Komandanın transfer fəaliyyətinə də baxdıqda eyni mənzərəni görmək olar.
 
Ağdam klubu indiyə qədər yalnız iki oyunçu transfer edə bilib – Abbas Hüseynov və Anton Kanibolotski. Onların da birinin qapıçı olduğunu nəzərə alsaq, yalnız bir meydan oyunçusu alınıb. Bu isə ÇL-in qrup mərhələsini hədəfləyən komanda üçün ciddi porblem yaradacaq. “Qarabağ”ı buna qədər 5 oyunçu tərk edib. Onların arasında daha çox Muarem Muaremi itki saymaq olar. Digərləri kluba lazım olmayıblar.
 
İstənilən halda, vaxt azalır, transferlər isə gecikir. İndiyə qədər bir sıra oyunçuların adı “Qarabağ”la hallansa da, hələlik rəsmiləşən heç nə yoxdur. Çempiuonlar Liqasının II təsnifat mərhələsində “Samtrediya” (Gürücüstan) ilə oyuna isə cəmi 10 gün qalır.
 
 
“Qəbələ”
 
Avrokuboklarda iştirak edəcək klublarımızın arasında hazırlığa ən gec başlayan “Qəbələ” oldu. Birinci mərhələni iyunun 3-dən Bakıda keçirən komanda ayın 7-də Avstriyanın İnnsbruk şəhərinə yolandı. Fulpmes qəsəbəsində məskunlaşan “Qəbələ” iyunun 28-də Zalsburq şəhərində toplanışın ikinci hissəsinə başladı.
 
Roman Qriqorçukun komandası buna qədər 6 yoxlama oyununda qüvvəsini sınayıb. Əvvəlcə yerli “Fulpmes”ə divan tutan (8:0) “qırmızı-qaralar” bundan sonrakı 4 oyunda qol vurmadan məğlub olub – “Axmat” (Rusiya) 0:1, “Ludoqorets”ə (Bolqarıstan) 0:2, ÇSKA-ya 0:2 və “Vakker”ə 0:1. Bunlardan son ikisi mini turnir çərçivəsində başa tutub  və bir hissədən ibarət olub. “Qəbələ” bu gün keçirilən matçda isə Avstriya Regionalliqa klubu “Qrodiq”ə 7 cavabsız qolla qalib gəlib.


 
Əyalət təmsilçisi Avstriyada daha iki oyun keçirəcək. Komanda Kiyev “Dinamo”su və “Lints”lə (Avstriya) üz-üzə gələcək.
 
“Qırmızı-qaralar”ın transferlərinə gəlincə, əvvəlcə bir neçə əsas oyunçunu göndərən komanda sonradan heyəti toplamağa başladı. Komandanı indiyə qədər 12 futbolçu tərk edib. Onların əksəriyyəti baş məşqçinin planlarına daxil olmadğını üçün göndərilib. Gedənlərdən əsasən Nika Kvakveskirini ağır itki adlandırmaq olar. Gələnlərin arasında isə Aqil Məmmədov və İlqar Qurbanov daha çox ehtiyat qüvvə olacaqlar. Yalnız Elvin Məmmədov yerli transferlər arasında daha çox oynayacaq potensialda görünür. Komandaya buna qədər dörd əcnəbi futbolçu qoşulub. Onları iş başında görmək imkanımız olmasa da, karyeraları gedənlərdən zəif olmadıqları fikrinin yaranmasına səbəb olub. “Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki ilk oyuna qədər daha bir neçə transfer edəcəyi proqnozlaşdırılır. Son günlər Almaniya “Nürnberq”inin futbolçusu Deyv Bulteysin adı “qırmızı-qaralar”la birgə hallanır.
 
Yeri gəlmişkən, “Qəbələ”nin AL-də ilk rəqibi “Dinamo” (Batumi, Gürcüstan) – “Yagelloniya” (Polşa) cütünün (ilk oyun – 0:1) qalibi olacaq.
 
 
“Neftçi”, “Kəpəz”, “Sumqayıt” və “Səbail”
 
Avrokuboklarda iştirak etməyən komandalardan üçü – “Neftçi”, “”Sumqayıt” və “Səbail” artıq məşqlərə başlayıblar. “Kəpəz” isə iyulun 5-də növbəti mövsümün hazırlığına start verəcək.
 
Bu klubların hər biri hazırlığın müəyyən hissəsini ölkə xaricində keçirəcəklər. Onlardan üçü Türkiyəni seçibsə, yalnız “Neftçi” Avstriyaya gedəcək. Paytaxt klubu iyulun 24-də Kirxdorfa yollanacaq. Buna qədər “ağ-qaralar” Bakıda üçmərhələli hazırlıq keçəcəklər. İlk mərhələsinin sabah başa çatacağı təlim-məşq toplanışı zamanı komanda 4 yoxlama oyununda gücünü sınayacaq. Rəqiblərdən biri “Kəpəz”dirsə, digər üçünün kimliyi dəqiqləşməyib. Bundan başqa komandanın Avstriyada “Şalke” ilə oynayacağı dəqiqləşib.
 
“Neftçi”nin transfer fəaliyyəti əsasən daxili bazarla məhdudlaşır. Üstəlik komanda Folprexti də saxlaya bilmədi və o, məxsus olduğu “Slovan”a qayıtdı. “Ağ-qaralar”ın keçən transfer dönəmində olduğu kimi yenidən millinin və Ukrayna “Stal”ının üzvü Pavel Paşayevi heyətinə qatmaq istədiyi deyilir. Son olaraq, “Duqopolye”dən ayrılan Elnur Cəfərov heyətə cəlb edilib.


 
“Sumqayıt”ın Türkiyəyə gedəcəyi dəqiqləşib. Komanda Bolu çəhərində hazırlaşacaq. Ancaq hazırlığın dövrü və sınaqçı rəqiblər barədə məlumat yoxdur. Komanda hazırda Sumqayıtda hazırlaşır. “Sumqayıt” iyulun 2-də və 8-də “Səbail”lə iki yoxlama oyunu keçirəcək.
 
“Gənclik şəhəri” təmsilçisinin artıq transfer fəaliyyətini yekunlaşdırdığını deçmək olar. Mövsüm başa çatdıqdan sonra dərhal fəaliyyətə başlayan “kimyaçılar”dan bundan sonra ciddi transfer gözləməyə dəyməz.
 
“Kəpəz” də hazırlığın bir hissəsini Türkiyədə keçirəcək. Gəncə klubu qonşu ölkənin Ərzurum bölgəsində məskunlaşacaq. İyulun 15-dən 25-dək orda olacaq komandanın 3 yoxlama oyunu planlaşdırılıb. Ancaq rəqiblərin kimliyinə hələ aydınlıq gəlməyib.
 
“Kəpəz”in transferlərinin də məhz Ərzurumda komandaya qoşulacağı deyilir. Məlumata görə, Gəncə klubu bir neçə legionerin keçidini məhz qonşu ölkədə reallaşdıracaq. Komanda buna qədər daha çox əsas oyunçularını əldən buraxmaqla yadda qalıb. Əgər deyilən transferlər baş tutmasa, növbəti mövsüm “Kəpəz”in TPL-in ən zəif komandalarından biri qismində görəcəyik.
 
Debütant “Səbail” isə hazırlığa iyunun 12-də başlayıb. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Türkiyənin Kartepe ərazisinə gedəcək. Komanda orda 5 yoxlama oyunu keçirməyi planlaşdırır. “Səbail” Bakı hazırlığı zamanı artıq bir oyunda gücünü sınayıb. Gələn mövsümdən I Divizionda oynayacaq “Binə”yə qarşı matç “aslanlar”ın qələbəsiylə başa çatıb – 2:0.
 
Əsasən mövsüm başa çatdıqdan sonra klublarını tərk edən oyunçuları heyətinə qatan “Səbail” 14 oyunçu ilə müqavilə imzalayıb. Onların arasında Vüqar Nadirov və Nurlan Novruzovu xüsusi qeyd etmək olar. Gələnlərin arasında legioner də var. Debütant türkmənistanlı Elman Taqayevlə münasibətlərini rəsmiləşdirib.

***    ***   ***

Klublarımızın indiyəqədərki hazırlıq prosesinə və transferlərinə qısaca nəzər yetirdik. Ölkədə son futbol mövsümünün mayın əvvəlində başa çatması onlara həm istirahət, həm də hazırlıq baxımından geniş imkanlar yaradıb. Ancaq, görünür, bundan istifadə baxımından ciddi nöqsanlar var. Artıq iki aydır “Kəpəz” məşq etmir, ÇL-də oynayacaq “Qarabağ”ın transfer fəaliyyətindən xəbər yoxdur və s. Növbəti mövsümün başlamasına isə az – ayyarım vaxt qalır.

Faiq Tahirov

Məqalə AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb