“Zirə” Premyer Liqanın XXXIV turunda “Qarabağ”a məğlub olub – 0:1.
İkinci pillə uğrunda mübarizə aparan “qartallar” görüşdə daha aktiv, istəkli tərəf idi. Hər iki hissədə daha çox epizod yaradan “Zirə” bir neçə dəfə real qol şansı yaxalasa da, futbolçularda dəqiqlik çatmadı. “Qarabağ” isə çempionluğu rəsmiləşdirdikdən sonra oyunlara sanki motivasiyasız çıxır. Baş məşqçi Qurban Qurbanov da bir neçə dəfə mətbuat konfransında oyunçuları pisoxloji hazırlamağın çətin olduğunu qeyd edib. Təbiidir, komanda qızıl medalları təmin edib və mövsümün sonuna az qalıb. Hamı ağır mövsümsonrası istirahət etməyi düşünür, xüsusilə də, legionerlər. Bu baxımdan komandanın son bir neçə oyunda formadan uzaq olduğu hiss olunur. Bu baxımdan “Zirə”nin “Qarabağ”ı məğlub edə bilməsi üçün yaxşı imkan var idi, lakin irəlidə dəqiqliyin çatmaması, bəzi epizodlarda tələskənlik xal itkisinə səbəb oldu.
“Zirə” isə “Neftçi”nin qələbə qazanıb, ikinci pilləyə yüksəldiyi turda xal qazanmaq arzusunda idi. Düzdür, məğlubiyyətə baxmayaraq, fərq yenə birdir. Lakin bu gün “Sabah” və “Sumqayıt”ın qələbəsi planları poza bilər. Belə ki, rəqiblərin qələbəsi “Zirə”nin 5-ci sıraya geriləməsinə səbəb ola bilər. Buna qədər ikinci pillənin taleyi öz əlində olan “Zirə” artıq rəqiblərin itkilərini gözləməli olacaq.
“Qarabağ”la oyunda diqqətçəkən məqam isə birinci hissədə vurulan yeganə qola səbəb penalti epizodu oldu. FIFA referisi Əliyar Ağayev 29-cu dəqiqədə Hamidu Keytanın cərimə meydançası daxilində yerdə qalmasında qayda pozuntusu qeydə almasa da, VAR hakimi Cavid Cəlilov referini epizoda yenidən baxmağa çağırdı və nəticədə Əliyevin qərarı dəyişdi. “Qarabağ” məhz bu epizoddan fərqlənməklə üç xalı qazandı. Qismət Alıyevlə Hamidu Keytanın fərdi mübarizəsində ciddi pozuntu olmamasına baxmayaraq, VAR-ın müdaxiləsi “Qarabağ”ın fərqlənməsiylə yekunlaşdı. Matçdan sonra Rəşad Sadıqov yenidən hakimlərdən, xüsusilə, Cavid Cəlilovdan gileyləndi. Lakin giley-güzar nə nəticə dəyişir, nə xal qazandırır.
“Zirə” çempionla oyuna yaxşı görünən tərəf oldu. Daha çox hücum edən, qol axtaran “qartallar” istəyinə çata bilmədi. Mövsümün sonuna iki tur qalıb. “Zirə” qarşıdakı matçları qazanıb, rəqiblərin xal itirməsini gözləyəcək.
Şahin Cəfərov