Azərbaycan I Liqasında mübarizə aparan MOİK mövsümün ilk yarısını 6-cı pillədə tamamladı.
Klubun baş məşqçisi Qəzənfər Abbasov “Futbolpress”ə açıqlama verərək, ilk dövrəni dəyərləndirdi. Mütəxəssis hazırki nəticələrdən razı qalmadığını gizlətmədi:
“Fasiləyə 6-cı pillədə yollanırıq. Nəticədən razı qalmadım. Mənim böyük ümidlərlə gətirdiyim futbolçulardan bəzileri əfsuslar olsun ki, gözləntilərimi doğrultmadı”.
– Cari mövsüm üçün qarşınıza qoyulan hədəf nədir?
– Əlimizdən gələni etməliyik ki, heç olmasa ilk “üçlüy”ə düşək.
– Ötən mövsümü yaxşı başlasanız da son oyunlarda komandada axsaqlıq müşahidə olundu. Bu səbəbdən də çempionluq yarışından kənarda qaldız. Sanki ötən ilki uğursuzluq bu mövsüm də həllini tapmayıb…
– Doğru vurğuladız. Keçən mövsüm çempionata daha yaxşı başlamışdıq. Amma bu mövsüm istədiklərimizi reallaşdıra bilmədik. Yenə də bacarığımızı ortaya qoyub ən yaxşısını etməyə çalışacağıq.
– İlk yarıdakı vurulan və buraxılan top fərqinə görə eyni xala malik “Cəbrayıl”dan geridəsiniz. Fasilə zamanı hansı mövqelərə transferlər gözlənilir?
– Fasilə zamanı, əsasən, hücum və yarımmüdafiə xəttini gücləndirəcəyik.
– Son 3 ev matçınızın hər birini fərqli stadionlarda keçirmisiz. Hazırki nəticənizə bunun nə dərəcədə təsiri var?
– Nəinki son 3 oyunu çempionat başlayandan bütün ev oyunlarını səfərdə keçirtmişik. Əlbəttə, bu da öz növbəsində nəticələrimizə pis təsir edib.
– Çempionatdakı hakim idarəçiliyini necə qiymətləndirirsiz?
– Hakimlərlə bağlı heç bir şikayətimiz yoxdur. Baxmayaraq ki, cüzi səhvlər olub, amma bunun qərəzli olmadığını bilirik. Hakimlərimizə uğurlar arzulayıram.
– Transfer hədəfinizdə olan futbolçuların siyahısı hazırdır? Rəhbərliklə bu barədə görüşmüsüz?
– Bəli, bəzi futbolçularla anlaşmışıq, bəzilərini isə gözləyirik.
– Hansı futbolçularla razılaşdığınızı bilmək olar?
– “Difai”dən (Ağsu) İlham Allahverdiyev, “Füzuli”dən Sabir Allahquliyev və “Sumqayıt”ın B komandasından Tural Haqverdiyevlə anlaşmışıq.
Mirkamal Kazım