Mirzəbəyli: “Qarabağ”a düşə bilmək üçün çox çalışmaq lazımdır”

Əvəzedicilər Liqasında 18 tur geridə qalıb. “Qarabağ-2” 26 xalla 4-cü sırada qərarlaşıb.

“Atlılar”ın baş məşqçisi Cavad Mirzəbəyli “FutbolPress“ə açıqlamasında nəticələri dəyərləndirdi:

“Komandamız dövrəni pis keçirmədi. Əvəzedicilər çempionatı qeyri-stabil yarışdır. Çünki bəzi klublarda əsas komandaların oyunçuları da gəlir və heyətlər tez-tez dəyişir. Bəzən görürsən ki, rəqib səndən zəifdir, amma əsas komandadan oyunçunu meydana buraxırlar. Biz gənc kollektivik, belə məsələlər fonunda çıxışımız qənaətbəxşdir. Biz turnir cədvəlindəki mövqeyi yox, uşaqların inkişafını istəyirik. Müəyyən oyun üslubumuz var. Nəticələrimiz də normaldır və çalışacağıq ki, daha yaxşı olaq”.

Mütəxəssis “Qarabağ” akademiyasının inkişafda olduğunu və gələcəkdə bunun bəhrəsini görəcəklərini bildirdi:

“Əsas komandaya gedən oyunçularımız var. Tək əvəzedicilərdən deyil, digər Premyer Liqa klublarından yerli oyunçulardan “Qarabağ”a düşə biləcək futbolçu azdır. Komandamız Avropada oynayır və ora düşmək asan deyil. Buna görə çox çalışmaq lazımdır. Akademiyamızda da dəyişikliklər olub, pozitiv işlər görülür. Əminəm ki, növbəti illərdə akademiyamızdan çıxan uşaqlar əsas komandada olacaqlar. Aftandil Hacıyevin gəlişindən sonra inkişafa doğru meyl etmişik və bunun nəticəsini yaxın illərdə göstərəcək”.

Şahin Cəfərov