Mövsümün başlanğıcında çempionatın əsas favoritlərindən sayılan “Sabah” ardıcıl 7 oyunluq qələbəsizlik seriyasına görə baş məşqçi Krunoslav Renduliçlə yolları ayırıb.
Masazır təmsilçisi vida xəbərini açıqladığı eyni gündə rusiyalı məşqçi Vasili Berezutskiylə 2,5 illik müqavilə imzaladığını açıqladı.
Təəccüb doğuran məqamlardan biri isə Berezutskinin karyerası ərzində heç bir klubda baş məşqçi kimi fəaliyyət göstərməməsi, həmçinin köməkçi məşqçi kimi çalışdığı yerlərdə də qısa zaman dilimində işləməsidir. Belə olduğu halda isə çempionatdakı iddiasını qorumaq istəyən klubun bu addımı maraq doğurdu. Nəzərə alsaq ki, hazırda Premyer Liqa təcrübəsi olan bir neçə yerli mütəxəssis var…
Azərbaycan yığmasının sabiq məşqçisi Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında rusiyalının təyinatını dəyərləndirdi:
“Sabah” yarandığı gündən bu vaxta qədər çox az müddət ərzində yerli məşqçilərlə çalışıb. Son 6 ildə deyərdim ki, klub yalnız xarici məşqçilərlə çalışır. Hər klubun öz mövqeyi var. Ona görə də bu haqda nə isə deməyimin mənası yoxdur. Klub sadəcə öz istədiyi məşqçiylə çalışır. Lakin burada maraq doğuran bir məqam var. “Sabah” Murad Musayevdən sonra nə üçün yenidən Rusiyaya üz tutdu?
Düşünürəm ki, Kurban Berdıyevin “Turan Tovuz”da yaxşı işlər görməsi buna işarədir. Ancaq Berezutski heç vaxt baş məşqçi kimi işləməyib. Doğrudur, həm ÇSKA-da, həm də milli komandada çox yaxşı futbolçu olub. Fəqət burada qəribə heç nə yoxdur. Bu, klubun seçimidir. Gözləntilərimə gəlincə, hələlik heç nə deyə bilmərəm. Çünki, onun iş qabiliyyətini bilmirəm. Təki, “Sabah” üçün uğurlu olsun”.
Mirkamal