Mircavadov: “Baş məşqçinin dedikləri futbolçu üçün qanundur”

Azərbaycan yığması UEFA Millətlər Liqasının I turunda İsveçə məğlub olub – 1:3.

Millinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Yığmanın oyunu xoşuma gəldi. Komanda arxada olanda top qazanan kimi qısa ötürmələrlə hücuma çıxmağa çalışdı. Düzdür, məğlubiyyət olsa da, oyun bu mənada mənim xoşuma gəldi. Milli uduza-uduza hücuma çıxırdı. Çoxsaylı qol epizodları da yarada bildik, amma alınmadı, qapıçının seyvi, dirək və s. Bəlkə də, birinci hissədəki penalti qol olsaydı, başqa nəticə görə bilərdik”.

Mircavadov yığmada əsas penalti vuranın Emin Mahmudov olmasına baxmayaraq, Ramil Şeydayevin ondan topu alıb, zərbə vurmasına da münasibət bildirdi:

“Ramil nə üçün vurmaq istədi, bilmirəm. Komandada cərimə zərbəsi vuran, penalti vuran, küncdən zərbəni başladanları baş məşqçi təyin edir. Oxudum ki, Fernandu Santuş da deyib ki, tapşırığım Eminin vurması idi. Nə üçün belə oldu, bilmirəm. Bilirsiz, baş məşqçinin dedikləri futbolçu üçün qanundur. İndi onların hansı qərar verəcəyini bilmirəm, bu, Santuşun öz işidir”.

Azərbaycan yığması bundan əvvəl Bakıda İsveçi 3:0 hesabıyla məğlub etmişdi. Həmin dövrdə komandaya italiyalı Canni De Byazi rəhbərlik edirdi. Mircavadov həmin milli ilə dünənki komandanı müqayisə etdi:

“Az da olsa, dəyişiklik var, yaxşı mənada. Komandada taktika baxımından fərqli oynayır. Hücuma qısa ötürmələrlə çıxmağa çalışırıq, millidə yeni adlar var, geri düşəndə tap qapanmırıq və s. Buna baxmayaraq, indi Santuşun işi haqda nəsə demək düzgün olmaz. Bu oyunlar dünya çempionatına hazırlıq məqsədi daşımalıdır. Bir neçə matçdan sonra Fernandunun işi ilə bağlı nələrsə demək olar”.

Şahin Cəfərov