“Milyonlar xərclənən millinin belə nəticələri qalib ölkəyə yaraşmaz”

Azərbaycan futbolu neqativ dönəmdən keçir. Xüsusilə, son həftələrdə əsas yığma və aşağı yaş qruplarının məğlubiyyətləri sıralanır və yeni AFFA rəhbərliyi ciddi tənqidlərə məruz qalır.

Azərbaycan yığması UEFA Millətlər Liqasında 4 oyunda məğlub olub. U-21 isə Şimali İrlandiyaya 0:5, İngiltərəyə isə 0:7 hesabıyla uduzub.

Keçmiş “Bakı” klubunun icraçı direktoru, hazırda II Liqada mübarizə aparan “Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:

“Nəticələr çox üzücü və məyusedicidir. Milyonlar xərclənən yığmanın belə nəticələri qalib ölkəyə yaraşmaz. Ən təhlükəsi isə qabaqdadır. Aşağı yaş qruplarında nəticələr faciədir. Onların əsas yığmanın ehtiyat qüvvəsi kimi baxmaq olmur. Qalib ölkənin milli komandaları belə nəticələr göstərməməlidir. Bütün nəticələr kədərlidir. Ona görə də, bundan razı deyilik və bizim, Azərbaycan futbolsevərlərinə yaraşmayan nəticələrdir”.

Funksioner nəticələrin uğursuz olmasının səbəbini belə izah etdi:

“Strategiya və futbolun inkişafı ilə bağlı proqramımızın olmaması ilə bağlıdır. İndi təsəvvür edin, uşaq futbolumuz nə gündədir. Yığma üçün ehtiyat qüvvənin hazırlanması sıfırdır. Yığmalar ardıcıl böyük hesabla uduzurlar və ordan əsas yığmaya gələcək oyunçu yoxdursa, uğursuzluq qaçılmaz olacaq. Eyni zamanda sistemsizlik var, aşağı yaş qruplarında məşqçilərin səviyyəsi yaxşı deyil. Sistem yoxdur və vəziyyət ürəkaçan deyil”.

Təcrübəli mütəxəssis vəziyyətdən çıxış yolunun olduğunu bildirdi. O, yeni dövlət proqramının qəbul edilməsinin zəruriliyindən söz açdı:

“Vəziyyətdən çıxmaq üçün tezliklə inkişafla bağlı dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Bunun da adını qoymuşuq ki, strategiyanın hazırlanması. Sözsüz, təkliflər verə, strategiya hazırlaya bilərik. Ancaq dövlətin siyasi iradəsi ortada olmasa, dediklərimizin əhəmiyyəti olmayacaq. Qısa zamanda proqramlar hazırlanıb, hərtərəfli qaydada futbol ictimaiyyəti, AFFA İcraiyyə Komitəsi, ölkə rəhbərliyi tərəfindən təsdiq olunması baş tutmasa, kağız üzərində qalacaq. Futbolun inkişafı üçün dövlətin siyasi iradəsi ortada olmasıdır. Bilirəm ki, ölkə başçısı strategiyanın qurulmasına dəstək verəcək. Bundan sonra nəyəsə ümid edə bilərik. Təklifim odur ki, strategiya hazırlananda işçi qrupları yaradılsın, prosesin icrasıyla bağlı qruplar 6 aydan bir məlumatlar verilsin. Bunun dəqiq olması üçün hər kəs əllərindən gələni etməlidir. 2005-2010-cu illərdə dövlət proqramı yaradıldı, amma necə yerinə yetirilməsi ilə bağlı iclas, açıqlama olmadı. İstəyirəm ki, növbəti strateji plan əvvəlki kimi olsun. Hazırlanan proqramda yerli mütəxəssislər də iştirak etməlidir. Onlar da futbolun inkişafı üçün öz təcrübələrini ortaya qoymalıdır. Əks təqdirdə, yenə əvvəlki kimi nəticələrimiz məyusedici olacaq. Təklifim budur. Azərbaycan futbolunu kifayət qədər bilən, nüfuzu olan, incəliklərini bilən idarəçilər yeni hazırlanan strategiya planında yer almalıdırlar. Futbolun inkişafı üçün konkret cavabdeh şəxslər olmalıdır”.

Seyidov belçikalı nümayəndələrə öz təkliflərini təqdim etdiyini və bunun onların strategiyasında yer alacağına inandığını söylədi:

“AFFA yeni strategiyanın yazılması ilə bağlı Belçika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Son görüşdə mən və Tahir Süleymanov da iştirak etdi. Azərbaycan futbolunda təcrübəli biri kimi öz təkliflərimi onlara təqdim etdim. Ölkədə futbolun inkişafı, problemlərin həlli üçün ciddi layihədir. Bu, onların strategiyasında öz yerini tapacaqsa, inanıram ki, futbolumuzun inkişafı olacaq. Belçikalıların strategiya hazırlanması müsbətdir. Eyni zamanda onların mən və Tahir bəyin fikirlərini qəbul etməsi sevindiricidir. Əvvəl bizim fikirlərimizi dinləyən yox idi. İndi təkliflərimiz yüksək qiymətləndirilib. İnanıram ki, layihələrimiz qəbul olunacaq və gözlədiyimiz nəticəni alacağıq. Məni narhat edən məqam Belçika şirkətinin nümayəndələri ilə müqavilə imzalananda Azərbaycandan olan yerli mütəxəssislərin burda iştirak etməməsidir. Ümumiyyətlə, layihə təsdiq olunandan sonra qruplar yaradılmalıdır. 2005-2010-cu illəri əhatən edən dövlət proqramının yekunu haqda hesabat verilmədi. Belçikalılara müraciət etdim ki, strategiyanı hazırlayan zaman qruplarla bağlı AFFA-ya məlumat verilsin. Və onlar da hər 6 aydan bir hesabat versinlər. Bu proses mütəmadi olmalıdır və hər kəs prosesin gedişatını bilməlidir. Əvvəl də proqram qəbul olunub, amma indi yığmamız Cəbəllütariqlə bir sırada dayanır. Deməli, nələrsə yanlış olub. İndi bunların olmamasına çalışmaq lazımdır”. 

Seyidov sonda yeni AFFA rəhbərliyindən gözləntilərini bölüşdü:

“Yeni rəhbərlikdən gözləntilərim böyükdür. Vəd veriblər ki, Azərbaycanda futbolun inkişafı üçün strategiya hazırlanır və irəliləyişlər olacaq. Düzdür, 6 ayda hələ ancaq millilərin məğlubiyyətlərinin şahidi oluruq. Unutmaq olmaz ki, strategiya hazırlanandan sonra dönüş olacaq. Strateji yol xəritəsi hazırlanacaq. Ümid edirəm ki, yeni rəhbərlik inkişaf üçün çalışacaq. AFFA rəhbərliyinin sözlərini tutacağına ümid edək”.

Şahin Cəfərov