“Sabah”ın futbolçusu Yusif İmanovun “FutbolPress“ə müsahibəsi:
– Premyer Liqada qış fasiləsinə 5-ci sırada yollandınız. Çıxışınızı necə dəyərləndirirsiniz?
– Bizimçün enişli-çıxışlı yarı mövsüm oldu. İnanıram ki, qarşıdakı dövrəyə daha yaxşı hazırlaşıb, maksimumuzu verəcəyik.
– Baş məşqçi dəyişikliyindən sonra məğlubiyyətsiz 4 matçdan sonra Şamaxıda xalsız qaldınız. Məğlubiyyətə səbəb nə oldu?
– Məğlubiyyətə səbəb rəqibin səhvlərimizdən yaxşı istifadə etməsi oldu. Məşqçimizin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışdıq. Ancaq futboldur, bəzən hər şey istədiyimiz kimi olmur. Məğlubiyyətə görə təəssüflənirəm.
– 2024-cü ili “Sabah” və özün üçün necə dəyərləndirirsən? Nələr istədiyin kimi oldu, nələr yox?
– Bu il ötənil olduğu kimi avrokuboklara vəsiqə qazandıq. “Makkabi” (Təl-Əviv, İsrail) kimi adlı-sanlı klubu mübarizədən kənarlaşdıra bildik. İstəyimiz qruplara qalmaq idi, təəssüf ki, alınmadı. Lakin əsas odur ki, üzərimizdə çalışırıq və daha yaxşı nəticələrin olmasını istəyirik.
– Avrokuboklara vəsiqə yarışında şanslarınızı necə qiymətləndirirsən?
– Şanslarımızı digər rəqiblərlə bərabər görürəm. Qarşıda xeyli oyunlar var və inanıram ki, maksimum nəticə ilə avrokuboklara vəsiqə qazanacağıq.
– Azərbaycan yığmasına dəvət alsanız da, əsas qapıçı ola bilməmisiniz. Millinin əsas qapıçısı olmaq üçün rəqabət çətin olmayacaq?
– Millidə olmaq möhtəşəm hisslərdir. Əlbəttə, əlimdən gələni edirəm ki, yenidən əsas heyətdə olum. Hər futbolçunun arzusu yığmada oynamaqdır. Lakin bilirəm ki, bunun üçün çox çalışmalıyam.
– Yeni illə bağlı hədəflərin nədir, ölkə xaricinə çıxmaq kimi arzun var?
– Yeni ildə ilk hədəfim klubumla yaxşı mövsüm keçirməkdir və buna köklənmişik. Ən böyük arzum Avropada oynamaqdır. Bunun üçün çox çalışıram və bir gün nail olacağıma inanıram.
Şahin Cəfərov