Millinin qapıçısı: “Biz hara və nə üçün getdiyimizi yaxşı bilirik”

İyunun 1-də minifutbol üzrə Avropa çempionatına start veriləcək. Son qitə çempionu Azərbaycan millisi F qrupunda Fransa, İtaliya və Avstriya ilə mübarizə aparacaq.

Milli komandanın qapıçısı Davud Kərimi “FutbolPress”ə açıqlamasında yarışa ciddi hazırlaşdıqlarını qeyd etdi:

“Baş məşqçimiz Elşad Quliyevin rəhbərliyi altında hər gün ciddi məşqlər keçirik. Komanda daxilində ab-hava yüksəkdir. Ən xırda detala belə ciddi yanaşırıq. Çünki biz hara və niyə getdiyimizi yaxşı bilirik. Son Avropa çempionuyuq. Titulumuzu qorumaq istəyirik. İnşallah, əlimizdən gələni edəcəyik ki, xalqımız sevinsin”.

Kərimi minimum hədəflərinin mükafatçılar sırasında düşmək olduğunu dedi:

“Qeyd etdiyim kimi, əsas məqsəd çempionluqdur. 2022-ci ildə qazandığımız titulu qorumaq istəyirik. Lakin minimal hədəfimiz mükafatçılar sırasında düşməkdir. Rumıniya, Çexiya və Slovakiya bizim əsas rəqiblərimizdir. İnşallah, xeyirlisi nədirsə, o olacaq. Qeyd etdiyim kimi, Xalqımızı sevindirmək əsas niyyətimizdir. Bizdən bu yöndə gözləntilər çoxdur”.

Məlik Məlikov