Millinin baş məşqçisi: “Məğlub olmaqdan qorxmaq lazım deyil”

Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti məşqinə çıxıb. 

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqdən sonra yığmanın baş məşqçisi Faiq Qarayev jurnlistlərin suallarını cavablandırıb.

Mütəxəssis məşq proesesinin yaxşı keçdiyini bildirib:

“Qalibiyyət barədə danışmaq üçün hələ çox tezdir. Məğlub olmaqdan qorxmaq lazım deyil. Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir. Hazırda əsas hədəfimiz 2026-cı ildə Bakıda keçiriləcək Avropa çempionatıdır. Artıq indidən hazırlıqlara başlamışıq. Bu turnir üçün xaricdə oynayan gənc idmançılarımızı milliyə qaytarmalıyıq. Onların Vətənə qayıtmağı bizim üçün önəm kəsb edir. Hazırda millinin heyətində əsasən gənclərdir. Onlara təcrübələrini artırmaq üçün ən azı 1,5 il vaxt lazımdır. Hələ böyüməlidirlər. Voleybolumuz hər il daha da inkişaf etməlidir. Hər birinə uğurlar arzu edirəm. İstəyim odur ki, bu idman növü Azərbaycanda öz yerini tapsın”.

Milli ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək.