Millidən uğursuz start: “Bu qrupda xal qazanmaq asan olmayacaq” 

FutbolPress2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib. Artıq ilk tur başa çatın və komandalar növbəti oyunlarına çıxırlar.

Azərbaycan milli komandası ilk raundda səfərdə Avstriya ilə qarşılaşıb və meydanı məğlub tərk edib – 1:4. İlk 20 dəqiqəsi bərabər, hətta, mübaliğəsiz yığmamızın üstünlüyü ilə keçsə də, rəqib futbolçuların keyfiyyəti və təcrübəsinin, bizimsə səhvlərimizin ön plana çıxdığı məqamda geri düşdük. Ardıcıl qollardan hesab 0:2 oldu. Bundan sonra istər yaranan psixoloji gərginliyə, istərsə də səfərdəki atmosferə görə geridönüşün çətin olacağı aşkar idi.

Azərbaycan yığmasının məğlubiyyəti sürpriz hesab edilmir. Buna baxmayaraq, millinin çalışdırıcısı Canni De Byazinin oyun üçün heyəti, taktiki planı müzakirə olunur. Xüsusilə, gənc qapıçı Yusif İmanovun əsas heyətdə yer alması, “Sabah”da son oyunlarda ehtiyat skamyada əyləşən Bəxtiyar Həsənalızadənin “11-lik”də olması birmənalı qarşılanmadı. İlk iki qolda sözügedən oyunçuların səhvləri nəzərə çarpdı.

Yığmanın son 5 oyunda qələbə qazanaraq, tarixi uğura imza atmasından sonra səfər oyununda da bir xala ümid var idi. Futbolçuların ilk dəqiqələrdə meydanda sərgilədiyi oyun göstərirdi ki, bu rəqibdən xal qoparmaq mümkündür. Amma 20-ci dəqiqədən sonra meydan sahiblərinin nəzarəti ələ alması, Azərbaycanın müdafiə xəttinin kobud səhvi ardıcıl qollara səbəb oldu. Oyun elə ilk hissədə “qırıldı”, iki dəqiqəyə iki qol və çətin olan geridönüş. Futbolçular fasilədən sonra irəli atılıb, fərqi azaltmağa çalışsalar da, standart vəziyyətlərdən fərqlənən avstriyalılar yekunda rahat qələbə qazandı. Ardıcıl qələbə seriyası seçmə mərhələnin ilk turundaca bitdi…

“Bu qrupda xal qazanmaq asan olmayacaq, amma mümkünsüz deyil”

Milli komandanın Avstriya məğlubiyyəti haqda futbol mütəxəssisləri ilə danışdıq. Daha əvvəl “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ” klublarında baş məşqçilik edən Sənan Qurbanov həmsöhbətlərimizdən oldu. Mütəxəssis millinin seçmə mərhələyə uğursuz startı ilə bağlı bunları dedi:

“Etiraf edək ki, güclü qrupa düşmüşük. Bu qrupda xal qazanmaq asan olmayacaq, amma mümkünsüz deyil. Son 5 qələbə milli üzvlərində özünəinamı artırıb. Bunu meydanda gördük. Avstriya ilə oyuna yaxşı başladıq, topa nəzarət etdik, qapıya da yaxınlaşdıq. Lakin rəqib sonradan gücünü ortaya qoydu, pressinq etməyə başladı. Bu, komandamızın üzərində böyük təzyiq yaratdı. Avstriya fiziki baxımdan çox güclüdür. Oyuna 90 dəqiqə nəzarət etdilər”.

Qurbanov İsveçlə II tur oyunundan da söz açdı. Onun fikrincə, səfər görüşündə səhvlər minimuma endirilməli, komanda üzərində olan psixoloji gərginlik aradan qalxmalıdır. O, sözügedən rəqiblə oyunda qazanılacaq bir xalın uğur hesab olunacağını da əlavə etdi:

“Bu oyunu təhlil etmək lazımdır. Belə görüşlərdə səhvlər minimuma endirilməlidir. Növbəti oyun İsveçlə olacaq. Bu səfərdə bir xal qazanmaq bizim üçün böyük uğur olacaq. Səhvlərdən sonra qol buraxmaq komandada psixoloji gərginlik yaradır. Komanda inamı itirməməlidir və yaxşı, nəticəyə hesablanmış oyunla xal qazanmaq lazımdır. Avstriyaya 1:4 hesablı məğlubiyyəti gözləmirdik. Avstriya kimi komanda ilə oyunda 0:2 hesabıyla geri düşürsənsə, nəticəni dəyişmək çətin olur”.

“Erkən qollar uşaqları ruhdan saldı”

Azərbaycan yığması seçmə mərhələnin F qrupunda Avstriya, İsveçlə, Belçika və Estoniya ilə də mübarizə aparacaq. Nisbətən güclü rəqiblərlə bir qrupda yer alan yığmanın növbəti mərhələ şansları elə də yüksək deyil. Lakin ilk oyunda qeydə alınan böyükhesablı məğlubiyyət oyun planı baxımından narazılıqları artırıb. Futbol ictimaiyyəti millinin potensialının daha yaxşı olduğunu, amma heyət seçimləri zamanı edilən səhvlərin baha başa gəldiyini düşünür.

Azərbaycan yığmasının və “Neftçi”nin sabiq qapıçısı Hüseyn Məhəmmədovdan da Avstriyaya qarşı keçirilən oyunla bağlı fikirlərini öyrəndik. Millinin meydana istəkli çıxdığını deyən həmsöhbətimiz rəqibin gücünü də qabartdı:

“Rəqib güclü idi. Uşaqlar pis oynamadı, ilk 15 dəqiqə komandadakı istək göründü. Avstriya düşən imkanlardan istifadə etdi və millimizin şansı qalmadı. Erkən qollar uşaqları ruhdan saldı. Yenə də, rəqibin gücünü nəzərə almaq lazımdır.

Hər oyun əhəmiyyətlidir. İstər yoxlama, istərsə də rəsmi matç. 5 qələbədən sonra milli meydana öz gücünü qoymaq üçün çıxmışdı. Rəqib də istəkli idi. Hər iki tərəf qalib gəlməyə çalışırdı. Avstriya imkanlarından maksimum istifadə etdi. İndi hansısa komandanın yoldaşlıq oyunlarındakı nəticələrinə elə-belə baxmaq olmaz”.

Keçmiş qolkiper belə vacib oyunda “çərçivə”nin gənc qapıçı Yusif İmanova tapşırılması haqda da danışdı. Onun sözlərinə görə, baş məşqçi Canni De Byazi “Sabah”da çıxış edən 20 yaşlı əlcək sahibinin uğurlu performans sərgiləyib:

“Yusif “Sabah”ın əsas heyət üzvüdür, normal da çıxış edir. Bu gün üçün onu startda oynatmaq düzgündür. Hazırda onun 20 yaşı var, bu, dünya futbolunda gənc sayılmır. Artıq o püxtələşmiş qapıçıdır, uzun müddət əsas heyətdə oynayıb. De Byazinin seçimini ondan yana istifadə etməsi düzgündür. Hələ ilk oyunu idi, təcrübə qazanacaq. Uduzsaq da, Yusifə şans vermək yaxşı oldu. O, bütün oyunlarda əsas heyətdə olub və millidə oynamağa layiqdir. Qarşıda oyunlar var, bir mövqedə bir neçə qapıçının mübarizəsi yaxşıdır. İmanovun oyunda səhvi olmadı, matç zamanı sərbəst və rahat idi”.

De Byazinin rəhbərlik etdiyi kollektivin növbəti sınağı İsveçə qarşı olacaq. Rəqib ilk oyunda evdə Belçikaya uduzub və Azərbaycanla görüşdə qazanılacaq üç xal onlara hava-su kimi vacibdir. Qrupda favorit Belçikadırsa, ikinci yerə əsas namizəd İsveç və Avstriya seçmələridir.

Martın 27-də keçiriləcək İsveç – Azərbaycan görüşü saat 22:45-də start götürəcək. Görüşü fransalı qadın hakim Setfann Frappart idarə edəcək. 

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu