Milli və C Liqasının autsayderləri

Azərbaycan millisi UEFA Millətlər Liqasında C Liqasında 1-ci qrupda 5 turdan sonra 1 xalla sonuncudur. Yığma İsveç, Slovakiya və Estoniyadan geri qalır.

Azərbaycan yığması C Liqasının 4 qrupu arasında ən pis nəticə göstərən iki komandadan biridir. Digəri isə Litvadır. Azərbaycanın bir xalı var, Litva isə hələ xal qazana bilməyib.

Milli C Liqasında qələbəyə həsrət üç komanda arasındadır. Litva ilə yanaşı, Lüksemburq da hələ qələbə qazana bilməyib. Yığmanın C Liqasının autsayderləri arasında ən yaxşı göstəricisi vurduğu qol sayıdır – 4 qol. Lakin heç kimə lazım olmayan bu qollar milliyə nə xal qazandırıb, nə qələbə.

Azərbaycan yığması qrupdakı son oyununu sabah İsveçə qarşı keçirəcək. Bakıda 1:3 hesabıyla məğlub olduğumuz rəqiblə dueldə məğlubiyyət gözləniləndir. Keyfiyyətdə bizdən geri qalan estonlarla evdə heç-heçə edilirsə, İsveç kimi komandadan xal qoparmaq inandırıcı görünmür.

İsveç – Azərbaycan oyunu saat 23:45-də start götürəcək. Milli bu oyunda xal qazana bilməzsə, qrupu sonuncu kimi bitirəcək.

Kamil Əhməd