Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” – “DAC 1904” (Slovakiya) oyunundan (4:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– İlk oyundan sonra danışmaq həmişə çətindir. Xüsusilə də, bu oyundan sonra. Qarşıda bizi çox vacib səfər matçı gözləyir. Mərhələni keçmək istəyiriksə, bu gündən həmin oyuna hazırlaşmalıyıq. Birinci hissə bitdi. Bir həftəlik fasilə olacaq. İkinci hissəyə çox yaxşı hazırlaşmalıyıq. Qarşıda bizi daim komandasını yaxşı dəstəkləyən azarkeş toplumuna qarşı səfər oyunu gözləyir. Rəqib sona qədər amansız mübarizə aparacaq. Belə rəqiblər həmişə təhlükəlidir. Hesab 4:0 olsa da, təslim olmurlar. Mərhələni keçmək istəyiriksə, futbol camiəsi, komanda olaraq oyuna hazırlaşmalıyıq.
– Dünən demişdiz ki, cütün taleyi Slovakiyada həll olunacaq. Hələ də belə düşünürsünüz?
– Eyni fikirdə qalıram. Cütün taleyi səfərdə həll olunacaq. Müasir futbolda nəticə üstünlük verir sənə… Amma rahatlıq verə bilməz. 60-cı dəqiqədən sonra rəqibin göstərdiyi amansız mübarizə və çətin anlar onu göstərdi ki, bizi cavab matçında nələr gözləyir.
– Pyer Zeblini əvəzləyəndə narazılıq bildirdiz…
– Ayağını tutmuşdu. 2-3 dəqiqə gözlədi. Dedi ki, yaxşıyam. Amma tempi aşağı düşdü. Rəqib də o dəqiqələrdə təzyiq edirdi. Əvəzlənəndə dedi ki, özümü yaxşı hiss edirdim. Dedim ki, sonra danışarıq, buranın söhbəti deyil.
– Rəqib son dəqiqəyə qədər oyundan qopmadı. Bu, sizi nə dərəcədə narahat edir?
– 4:0-dan sonra rəqibin dayanacağını, oyun intizamının pozulacağını gözləyirdim. Amma 60-cı dəqiədən sonra meydanda baş verənlər məni çox narahat edirdi.