Medianın İnkişafı Agentliyi 16-22 dekabr tarixlərini əhatə edən “Media Savadlılığı” həftəsi elan edib. Bu çərçivədə bir müddətdir müxtəlim təlimlər keçirilir, media savadlılığının əhəmiyyətindən danışılır.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tədris teleradio studiyasının müdiri Ramin Rzayev “FutbolPress“ə açıqlamasında media savadlılığının artırılması istiqamətində görülən işlərdən söz açdı:
“Jurnalistika fakültəsinin tədris teleradio studiyası olaraq bir çox addımlar atırıq. Texniki istiqamətdə – montaj, operatorluq, müxbirlik təlimləri olur. Media savadlılığı barədə uşaqlara informasiyalar veririk. Xəbərin hazırlanması zamanı informasiyanın əldə edilməsi, mənbəyinin düzgün tapılması, lazım gələndə informasiyaya tənqidi yanaşmaları öyrədirik. Eyni zamanda təlimlərimizdə Vəfa İsgəndərova, Pərvanə İbrahimova, Almaz Mahmud da iştirak edir. Onlar media savadlılığı ilə bağlı məlumat verirlər. İnformasiya minimum üç mənbədən dəqiqləşdirilməlidir. Həm də məlumatın anında təqdim olunması, gecikməməsi məsələlərinə toxunulur. Fakültənin özündə də “Media savadlılığı” çərçivəsində görüşlər keçirilir. Medianın İnkişafı Agentliyinin , Audiovizual Şuranın əməkdaşları ilə müzakirələr aparılır, müxtəlim təlimlər təşkil edilir”.
Rzayev media savadlılığının cəmiyyətdəki roluna da toxunub:
“Media savadlılığı tələbədən tutmuş vətəndaşlara qədər hər kəs üçün önəmlidir. İnsanlar media ilə bağlı düzgün və dolğun məlumatlansa, informasiyada yerində verilmiş olur. Bir vətəndaş hansısa hadisə ilə qarşılaşsa, avtomatik düşünə bilər ki, onu necə təqdim etmək olar. Yalan məlumatların yayılması, qərəzli yanaşmalar, informasiya saxtalığı və s. kimi amillər də var. Bu halların baş verməməsi üçün media savadlılığının önəmi böyükdür”.
Şahin Cəfərov