Medal mübarizəsi qızışdı – “Qarabağ” yoluna inamla davam edir

Azərbaycan Premyer Liqasında XXIV tur başa çatdı. 5 görüşün 3-də meydan sahibləri, 1-də qonaqlar qələbəyə sevinib. Bir oyun isə “sülh”lə başa çatıb.

Kəpəz – Qəbələ 2:1

Turnir cədvəlinin 9-cu pilləsində yer alan “Kəpəz” ən yaxın izləyicisi ilə xal fərqini artırdı. Sonuncu “Qəbələ”yə qalib gəlməklə fərqi 8-ə qaldıran gəncəlilər az da olsa, rahat nəfəs ala bildi. Gəncə şəhər stadionundakı yenidənqurma işlərinə görə ev oyunlarını məhz Qəbələdə keçirən “Kəpəz” deyəsən, bu arenaya daha yaxşı uyğunlaşıb. “Qəbələ”nin öz meydanında məğlub edilməsi elitada qalmaq yolunda mühüm xal qazancı oldu.

“Qırmızı-qaralar”da isə pis gedişat sonlanmır. “Kəpəz”ə məğlubiyyətdən sonra baş məşqçi Elmar Baxşıyev istefa verdi və onun əvəzləyicisi də artıq bəllidir. “Qəbələ”ni pis durumdan çıxarmaq işi gürcüstanlı Kaxaber Sxadadzeyə tapşırılıb. Mövsümün yekununa 12 tur qalıb və 8 xallıq fərqin aradan qaldırılması üçün zaman var. Azərbaycan futbolunu tanıyan simalardan olan gürcüstanlının vəzifəsinin öhdəsindən nə dərəcə gələcəyi hələ sual altındadır. 

Səbail – Sabah 2:0

İlk hissəsi ehtiyatlı keçən matçda fasilədən sonra dinamika artdı. “Sabah” Murad Musayevin gedişindən sonra ilk məğlubiyyətini aldı. “Futuristlər” bir neçə qol şansı yaratsa da, fərqlənə bilmədi. İkinci hissədə təzyiqi artıran “Səbail” istədiyi qolu vurdu. Bundan sonra əks-hücumda rəqibini gözləyən “dənizçilər” oyunun son dəqiqələrində məhz sürətli hücumla yekunu müəyyənləşdirdi. 

“Səbail” son turlarda yaxşı çıxışı ilə diqqət çəkir. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv son 3 matçda 2 qələbə qazanıb. Turnir cədvəlində  5-ci pillədə yer alan komanda ikinci sıradakı “Neftçi”dən cəmi iki xal geri qalır. 

“Sabah” isə avrokuboklar mübarizəsi yolunda daha bir itki aldı. Baş məşqçi postu boş olan “futuristlər”də təyinatın gecikmə səbəbi hələ bəlli deyil. Klubun idman direktoru İqor Ponomaryov müvəqqəti komandaya rəhbərlik edir. Mütəxəssis buna qədər də bir neçə dəfə bu vəzifəni öhdəsinə götürüb və pis nəticə qazanmayıb. Gedişat Ponomaryovun mövsümün sonuna qədər komandaya müvəqqəti rəhbərliyini istisna etmir.

Turan Tovuz – Neftçi 1:1

Tovuzda xallar yarıya bölündü. Oyun baxımından “Turan Tovuz” daha istəkli göründü. İkinci hissədə buraxdığı qoldan sonra məğlubiyyətlə barışmayan, var qüvvəsi ilə irəli atılan tovuzlular bərabərlik qolunu vurdu. “Turan Tovuz” oyunun sonlarında daha bir real şans yaxalasa da, bu dəfə dirək “Neftçi”nin dadına çatdı. “Ağ-qaralar”da bu görüşdə qapıçı Rza Cəfərov də bir neçə dəfə seyv edərək komandanın xilaskarına çevrildi.

Miodraq Bojoviçin təyinatından sonra oyun planında ciddi dəyişiklik olmayan “Neftçi”nin qeyri-sabit çıxışı davam edir. Turnir cədvəlində üçüncü sırada yer alan, xalları ikinci “Sumqayıt”la bərabər olan “ağ-qaralar”da əsas hədəf gümüş medallardır. Bojoviç də oyunsonrası mətbuat konfransında bunu dilə gətirib. Komandanın bu oyunla qarşıya qoyulan hədəfə çatması çətin görünür. 

Araz-Naxçıvan – Zirə 0:3

“Zirə” 10 tur sonra qələbə qazandı. Oyunun startından sonra qədər daha üstün və nizamlı oynayan “qartallar” ilk hissədə istədiyi qolu vurub, daha rahat oynamağa başladı. “Araz-Naxçıvan” da bir neçə dəfə təhlükəli hücumlar yaratsa da, qol vura bilmədi. 

Fasilədən sonra daha dinamik keçən oyunda “Zirə” 2 dəqiqəyə 2 qol vuraraq, rəqibinin müqavimətini qırdı. Bundan sonra oyun artıq daha sakit məcrada keçdi. “Araz-Naxçıvan” məğlubiyyətlə barışmış, oyunun yekununu gözləyirdi. Azər Bağırovun yetirmələri mövsümə uğurlu başlasa da, artıq yorğunluq üzə çıxır. Qeyri-sabit oyun və nəticələr komandanı 8-ci sıraya qədər yuvarlayıb.

Qarabağ – Sumqayıt 2:0

Avrokuboklarda tarix yazan, Azərbaycan futbolunu dünyaya uğurla tanıdan “Qarabağ” çempionat oyununda da inamla yoluna davam edir. “Sumqayıt”la görüşdə rotasiyalar edən Qurban Qurbanov az şans qazanan oyunçuları meydana buraxmaqla onlara özünü göstərmək fürsəti verdi. Komandanın ilk qolunun müəllifi Adama Diakabi gözəl qolla hesabı açmaqla yanaşı, Qurbanova “hələ burdayam” siqnalı ötürdü. Böyük ümidlərlə heyətə cəlb edilən vinger son turlarda daha yaxşı təsir bağışlayır. Diakabi bu templə davam edib, bir az da artırsa, Avropa Liqasının “Bayer”lə 1/8 final oyunu üçün sifariş edilə bilər.

Turnir cədvəlinin ikincisi “Sumqayıt” çətin səfərdən əliboş döndü. Komanda bir neçə dəfə qol fürsəti yaxalasa da, fərqlənə bilmədi. Samir Abasovun rəhbərlik etdiyi kollektiv məğlubiyyətə görə qınanmamalıdır. Gümüş medallar uğrunda mübarizə aparan “kimyaçılar”ın xalları “Neftçi” ilə bərabərdir. “Zirə” və “Səbail” də bu pilləyə can atır və arada bir, iki xallıq fərq var. 

Bu mövsüm çempionatda xüsusilə, ikinci pillə uğrunda gərgin mübarizə gedir. Komandaların xallarının bir-birinə yaxın olması qarşıdakı turlarda daha maraqlı oyunlar izləyəcəyimizi deməyə imkan verir. Sonuncu “Qəbələ”nin də yeni baş məşqçi – Sxadadze ilə yüksəlişə keçə biləcəyi istisna edilmir. Son illərin ən maraqlı mövsümlərindən birinə şahidlik edirik və indidən kimin düşəcəyi, kimin medalçı olacağını demək çətindir.

Şahin Cəfərov