Belarusun paytaxtı Minskdə keçirilən II MDB oyunlarında boks yarışlarına yekun vurulub.
Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar. Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.
Azərbaycan bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub. Qeyd edək ki, ölkəmiz boks yarışlarında 16 idmançı ilə təmsil olunurdu.
Azərbaycan ötən il Kazanda keçirilən I MDB Oyunları ilə müqayisədə bu dəfə daha yaxşı nəticə əldə ediblər. Boksçularımız I Oyunlarda 5 medal qazanmışdı. Bunlardan 2-si kişilərin, 3-ü isə qızların yarışlarında əldə edilib. Bu dəfə 5 qız, 5 oğlan boksçumuz medal qazanıb.
Qızlardan Aysu İsmayılova və Qızbəs İsgəndər həm I, həm də II MDB Oyunlarında medal əldə edən boksçularımızdır.
Qızlardan ibarət komanda yarışında millinin məşqçisi Rafiq İsmayılob olub. Belarusa yollanan heyətə rəhbərlik edənlər arasında yer alan İsmayılov boks yarışlarındakı nəticələri qənaətbəxş hesab edir:
“5 qızla gəlmişdik. Ümumi 10 medal qazandıq. Komanda hesabında da 5-ci olduq. Nəticəni qənaətbəxş hesab etmək olar. Açığı, rəqiblərimiz güclü idi. Qızlarımız dünya çempionlarına, finalistlərə uduzdular. Biz təcrübə baxımından onlardan geri qalırdıq. Başqa nədəsə yox, sadəcə onların beynəlxalq arenada döyüşləri çox olub və tcrübəlidirlər”.
II MDB Oyunlarının təşkilatçılığından razı qalan İsmayılov onlar üçün hər şəraitin yaradıldığını, idmançıların lazım olan hər şeylə təmin olunduqlarını bildirdi:
“Hər şey yüksək səviyyədə idi. Həddindən artıq çox yaxşı idi. Özbəklər, ruslar çox güclü idilər, bir az da Belarus idmançılarına üstünlük verdilər, bu da onların meydan sahibi olmağı ilə bağlı idi. Başqa hər şey yüksək səviyyədə təşkil edilmişdi, yemək, qalmaq üçün yerlər və s. yaxşı idi. Narazılığımız yoxdur”.
Bəzən fikirlər səsləndirilir ki, MDB Oyunları kimi yarışlar idmançının gücünü sınaması üçün çox da faydalı deyil. Burada təcrübəsi az və gənc kadrlar iştirak edir ki, inkişaf etsinlər. Rafiq İsmayılov bu fikirlərlə razı olmadığını və MDB Oyunlarında kifayət qədər güclü idmançıların yarışdığını qeyd etdi:
“Özbəklər, ruslar çox güclüdür. Belə fikirlər yalandır. Boksda hegemon idmançılar var idi. Bizim çoxumuz onlarla düşdük. Güclü rəqib idilər, həm keyfiyyət, həm də təcrübə baxımından bizdən üstün oldular”.
İsmayılov MDB Oyunlarının Azərbaycan idmançıları üçün faydalarından da söz açdı:
“Müsbət təsirləri çox olacaq. Qızlarımız belə yarışlarda iştirak edərək təcrübə toplayırlar. Bunun nəticəsində inanıram ki, növbəti turnirlərdə uğurlu çıxış edə bilərlər. Təcrübəsizliyin əziyyətini çəkirik, daha mötəbər turnirlərdə nəticələrimiz ürəkaçan olmur və bu, birbaşa təcrübə ilə əlaqəlidir. Belə yarışlarda təcrübə qazanaraq, gələcəndə daha yaxşı olacağıq”.
II MDB Oyunlarının bu gün bağlanış mərasimi keçiriləcək. Azərbaycan ümumi medal sıralamasında 4-cü oldu. Ölkəmiz 8-i qızıl, 16-sı gümüş, 31-ü gümüş olmaqla, ümumilikdə, 55 medal qazanıb. Sıralamanın ilk pilləsində isə 264 medalla (137 qızıl, 82 gümüş, 45 bürünc) Rusiya yer alıb. Ev sahibiyi Belarus ikinci olub – 214 medal (43 qızıl, 70 gümüş, 101 bürünc).
Növbəti – III MDB Oyunları Azərbaycanda keçiriləcək. Yarışa Gəncə ev sahibliyi edəcək.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu