Masazırda avrokubok yarışı – statistika nə deyir?

Premyer Liqada 2023/2024 mövsümünün başa çatmasına iki tur qalıb.

Turnir cədvəlində ikinci sırada qərarlaşan “Sumqayıt” 35-ci turda bu gün “Sabah”ın qonağı olacaq. “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 17:00-da start veriləcək.

Komandalar arasında bu mövsüm keçirilən üç oyunun ikisində “Sabah” qələbə qazanıb. Bir matç isə “kimyaçılar”ın qələbəsiylə başa çatıb.

Ümumiyyətlə, “Sabah” ilə “Sumqayıt”ın son 10 duelində sumqayıtlılar cəmi bir qələbə qazanıb. O da bu mövsümə təsadüf edib.

Komandaların son beş matçına nəzər salsaq, “Sumqayıt” daha formadadır. Samir Abasovun rəhbərlik etdiyi kollektiv 7 oyundur, məğlub olmur. Komanda bu görüşlərdə üç heç-heçə edib, dörd qələbə qazanıb.

“Sabah” isə son beş matçın dördünü qazanıb. Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv son turda autsayder “Qəbələ”yə gözlənilmədən məğlub olub.

“Sumqayıt”a bugünkü dueldə heç-heçə də sərf edə bilər. Ancaq “Sabah” sona bir tur qalmış avrokubok zonasından uzaqlaşmamaq üçün mütləq qələbə qazanmalıdır.

“Futuristlər” son oyunu “Neftçi”yə qarşı səfərdə keçirəcək, “Sumqayıt” isə azarkeşləri önündə “Qəbələ”ni qəbul edəcək.

Kamil Əhməd