Masazırda sönük oyun: biri qazandı, biri itirdi

“Sabah” Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”la heç-heçəyə razılaşdı – 0:0.

Oyundan öncə qonaqların heyətindəki ciddi itkilər fonunda meydan sahiblərinin rahat qələbə qazanacağı gözlənilirdi. Oyun da elə məhz “bayquşlar”ın aktivliyi ilə başladı. Birinci hissədə kifayət qədər qol epizodları yaradan “Sabah” qapıçı Mehdi Cənnətovu və dirəkləri keçə bilmədi. Xüsusilə, Cesse Sekidikanın iki zərbəsinin dirəkdən qayıtması meydan sahiblərini qismən ruhdan saldı. Birinci hissə “Sumqayıt” adına uğursuz oyundan başqa nə iləsə yadda qalmadı.

Fasilədən sonra isə həm “Sabah”, həm “Sumqayıt” epizodlar yaratsa da, son zərbələrdə dəqiqlik çatmadı. Yekunda tərəflər meydanı bir xalla tərk etdi. Bu xal “Sumqayıt” üçün qazanc sayıla bilər, lakin avrokuboklar uğrunda mübarizə aparan “Sabah” iki xal itirdi.

Vasili Berezutskinin Kahim Parris, Coy-Lens Mikels kimi hücumda aktiv olan legionerləri ehtiyatda saxlaması gözlənilməz oldu. İkinci hissənin sonlarına yaxın meydana buraxılan əcnəbilər aktivliyi artırsa da, qol vura bilmədilər.

“Sumqayıt”ın işi isə çətin olacaq. Yeni transfer Momo Yansane ikinci hissədə meydana daxil oldu və görünür, hazır olması üçün hələ zaman lazımdır. Rəqib müdafiəçiləri təzyiq altında saxlaya bilməyən forvard sadə epizodlarda top itkiləri ilə diqqət çəkdi. Heyəti kasad olan və məcburiyyətdən gənclərə güvənən Vaqif Cavadov oyunsonrası nə qədər iddialı danışsa da, meydanda sərgilənən oyun ümid vermir. “Sabah” da bu oyunla çətin avrokuboklara vəsiqə qazana bilə…

Şahin Cəfərov