Karyerasını bitirən Maksim Medvedev fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Kubokunun finalının “Qarabağ” – “Zirə” oyunundan (2:1) sonra “CBC Sport”a açıqlama verən müdafiəçi qərarını şərh edib:
“Bir tərəfdən sevinirəm, bir tərəfdən kövrəlirəm. Çünki 20 ildir, “Qarabağ”ın düşərgəsindəydim, hər şeyin yaxşısını etməyə çalışdım. Əsgər oldum və xidmət etdim. Sevinirəm ki, indi fiziki işlərdən uzaq olacam, daha çox istirahət edə biləcəm. 35 yaş çətindir, artıq bir yol seçmək, özünü başqa sahələrdə sınamalısan. Beşinci “qızıl dubl”um oldu. Çox xoşbəxtəm. İnanıram ki, belə titulları qazanmaq, karyeranı bu vəziyyətdə bitirmək hər oyunçunun arzusudur. Yanımda olan hər kəs daim dəstək göstərdi, mən də çalışdım ki, klub üçün hər şeyin yaxşısını edim.
Maksim gələcək planları haqda danışıb:
“Qarabağ”da əsgər oldum. Hər şey davamlıdır. Bu gün sadəcə futbol oynamaqla vidalaşıram. Gələcəkdə necə olacaq… Planlar böyükdür, yaxın zamanda açıqlayacam”.
Millinin də sabiq üzvü olan müdafiəçi karyerasını bitirmək haqda qərar verməyin çətin olduğunu bildirib:
“Qərar vermək çətin oldu. Hər şeyi götür-qoy etdim. Çox adam dedi ki, davam et, hər şey qaydasındadır. Amma demişdim ki, “Qarabağ”da başlayıb, burada bitirəcəm. Böyük təkliflər olanda belə buranı tərk etmədim, “Qarabağ”da və Qurban Qurbanovun yanında qaldım”.
“Qarabağ”ın yetirməsi olan Maksim 2006-cı ildən “atlılar”ın əsas komandasında çıxış edib. O, 444 oyunda 16 qol vurub, 21 məhsuldar ötürmə edib.