“İmişli”dən ayrılan Xəzər Mahmudov karyerasına “Karvan”da davam edəcək.
23 yaşlı hücumçu “FutbolPress“ə açıqlamasında Yevlax təmsilçisinə keçidi haqda fikirlərini bölüşdü:
“Keçidimdə maliyyə məsələləri və komandanın iddiası əsas oldu. “Karvan”ın hədəfi Premyer Liqaya yüksəlməkdir. Bununçün çalışacağıq”.
Mahmudov “İmişli”də keçirdiyi son mövsümü dəyərləndirdi:
“Şükür, yaxşı keçdi. Həm qollar vurdum, həm məhsuldar ötürmə etdim. İmişlinin sevimlisi oldum və bura mənim üçün doğmadır. Geridə qalan illə bağlı heyfislənmirəm”.
Mahmudov daha əvvəl “Keşlə” (Şamaxı) və “Sumqayıt”da çıxış edib. Forvard son illərdə I Liqada oynamasının səbəbini açıqladı:
“Sumqayıt”da olanda ağır zədə aldım, 7-8 ay futboldan kənarda qaldım. Sonra “İmişli”yə keçdim və yaxşı oynadığımı düşünürəm. Düzdür, I liqa ilə Premyer Liqa arasında fərq var. Amma gördünüz ki, I Liqanın da səviyyəsi artıq. Özümü Premyer Liqaya layiq bilirəm. Amma kim nə deyir desin, reallıq var. Kim hara gedir, tanışını da yanına aparır. Bilirəm, yaxşı olacaq. Hər şey Allahın əlindədir. Üzərimdə çalışıram və nəsə məni həvəsdən sala bilməz. “Karvan”la I Liqada çempion olub, Premyer Liqada oynamaq istəyirəm”.
Şahin Cəfərov