Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Qazaxıstana qalib gəlib. Arif Əsədovun rəhbərlik etdiyi kollektiv 0:2 geri düşdüyü görüşdə geridönüş edərək qələbə qazanmağı bacarıb.
Oyun rəqibin hücumu ilə başladı. Qazaxlar elə ilk hücumdan sonra qazandığı künc zərbəsindən sonra hesabı açdı. Erkən qoldan sonra irəli atılan və təzyiqi artıran milli bir neçə real qol şansı yaxalasa da, yenə fərqlənən rəqib oldu. Qazaxıstan əks-hücumdan sonra müdafiədə tapdığı boşluqdan maksimum yararlanaraq fərqi artırdı. 0:2-də sonra konsentrasiyanı itirməyən milli fasiləyə qədər qol vurmağı bacardı. İki ildir, millidə fərqlənə bilməyən Mahir Emreli adını tabloya yazdırmağı bacardı. Komanda ilk hissəni geridə başa vursa da, oyun baxımından rəqibindən üstün idi. Fasilədən sonra da inamla hücumlara çıxan Azərbaycan yığması daha iki qol vuraraq, qələbə qazanmağı bacardı.
Albaniya millisinə məğlubiyyətə baxmayaraq (1:3) hücum planında üstün tərəf Azərbaycan yığması olmuşdu. Qazaxlarla matç da demək olar, millinin üstünlüyü ilə keçdi. Son 10 dəqiqəni çıxsaq, istər yarımmüdafiədə, istərsə də hücumda daha yaxşı təsir bağışlaya bildik. Bu, millinin potensialının olduğunu, yaxşı nəticəyə ümid etməyin mümkünlüyünün göstəricisidir.
Görüşdə yadda qalan daha bir məqam isə Emin Mahmudovun qol rekorduna çatmasıdır. Yarımmüdafiəçi ikinci hissənin əvvəlində penaltidən fərqlənməklə yığmadakı qollarının sayını 14-ə çatdırdı və Qurban Qurbanovun bombardir rekorduna şərik oldu. Mahmudovun mütləq rekordçu olmasına isə bir qol qalıb.
İki ildən sonra fərqlənən Mahir Emrelinin də yaxşı oyun keçirdiyini demək olar. Matçboyu daim hərəkətdə olan, zaman-zaman müdafiəyə də qayıdan hücumçunun istəkli olduğu göründü. Ümumiyyətlə, millidə bu matçda hər oyunçu əlindən gələninin maksimumunu etməyə çalışdı. Bunun nəticəsidir ki, milli tarixində nadir imza atdığı geridönüşlə yadda qaldı.
Yoldaşlıq görüşləri başa çatdı və Azərbaycan yığmasının növbəti sınağı beynəlxalq turnirdə – Millətlər Liqasında olacaq. Görüşlər sentyabrda olacaq və ona qədər yeni baş məşqçinin də adına aydınlıq gələcək. Mütəxəssisin kimliyi hələ gizlidir, buna baxmayaraq, indiki heyətin potensialı gələcək üçün müsbət düşünməyə imkan verir.
Şahin Cəfərov