Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Olduqca vacib oyun idi. Turnir cədvəlini nəzərə alsaq, əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Birinci hissədə üstünlük bizdə idi və rəqib əks-hücumlara bel bağlayırdı. Bir neçə təhlükəli hücumumuz olsa da, müdafiəni yara bilmirdik. İkinci hissədə məlum olmayan səbəblərdən passiv başladıq və rəqib standart vəziyyətdən fərqləndi. Bundan sonra çoxsaylı hücumlarımız, dirəkdən qayıdan zərbəmiz olsa da, qol vura bilmədik. Vacib oyunda məğlub olduq. Qarşıda “Qarabağ”la önəmli görüş var.
– Heyətin sizin tapşırıqlarınızı yerinə yetirmək potensialında olmadığını düşünürsünüz?
– Xeyr. Sadəcə diqqət çatışmazlığı olur. Bu mövsüm standart vəziyyətlərdən çoxlu qollar buraxmışıq. Əvvəllər belə deyildi. Bu il bəsit tapşırıqlarda diqqət çatışmazlığı olur. Bir çox oyunlarda belə olub. Standart vəziyyətlərdə oyunçular onlara tapşırılan oyunçuları tutmurdu. Səbəbləri bilmirəm, araşdıracağıq. Məyusedici məğlubiyyət oldu.
– “Araz-Naxçıvan”ın uğurlu çıxışı sizi təəccübləndirir?
– Xeyr. Yay seleksiyalarından görünürdü ki, iddialı olacaqlar. Aramızda 7 xal fərqi var. 4-cü sıradayıq, avrokuboklar zonasıdır, ancaq “üçlük”lə fərq artdı. “Sabah” və “Neftçi” də bizdən geridədir. Onların da gəlmək ehtimalı var. Çalışacağıq, xallarımızı artıraq.
Şahin Cəfərov