Sabah Azərbaycan millisi futzal üzrə Avropa çempionatının əsas mərhələsində mübarizəyə başlayacaq.
Futbolpress.az xəbər verir ki, final mərhələsinə gedən yolda komandamız İsveçlə gücünü sınayacaq. Bakı İdman Sarayında, saat 20:00-da keçiriləcək matçın hazırlığını bu gün oyunöncəsi məşqlə yekunlaşdıracaq millimizdə əhval-ruhiyyə yaxşıdır. Təcrübəli futzalçı Tofiq Mikayılov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Toplanış səmərəli keçir. Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədərə də bir neçə yoldaşlıq oyunları keçirdik. Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən göstərməsi baxımından vacib idi. Biz oyunçular da məsuliyyətimizi dərk edirik. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir”.
Futzalçı rəqibin oyununu izlədiklərini, fiziki planda güclü olduqlarını qeyd edib:
“İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşə komnada olaraq birgə baxdıq. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib. Onlar doğma meydanda uduzublar, çalışacaqlar Bakıda bunu əvəzini çıxsınlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq”.
Mikayılov zədəli futzalçılar və azarkeşlərlə bağlı danışıb:
“Zədəli olduğuna görə kapitan Emin Kürdov və əsas hücumçularımızdan Kənan Manafov kənarda qalıb. Onlara da tezliklə sağalmağı, növbəti matçda yanımızda olmağı arzulayırıq.
Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər, “6-cı oyunçu” vəzifəsini yerinə yetirsinlər. Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq”.