Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasında sabah İsveçə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, hücumçu təşkil olunan mətbuat konfransında bunları deyib:
– Güclü rəqibə qarşı oynayacağıq. Ağır oyun olacaq, deməyə çox şey yoxdur. Cüzi şansımız var , bununçün əlimizdən gələni edəcəyik. Öz oyunumuzu oynayıb, yaxşı nəticə üçün meydanda savaşacağıq.
– Sabah qol vuracağını hiss edirsənmi?
– Təbii ki, hər hücumçunun istəyi qol vurmaqdır. Lakin qoldan öncə millinin qələbə qazanmasıdır. Klubda olanları bura bağlamaq istəmirəm. Lakin hər hücumçu kimi mən də istərdim ki, qol vurub.
– Uzun müddət zədədən əziyyət çəkdin. İndi durumun necədir?
– Klubumda son oyunlarda artıq əsas heyətdə başlayıram. Məşqçim mənə güvənir və mən də istəyirəm ki, bunun qarşılığını verim. Uzun müddət zədəli olsam da, indi özümü yaxşı hiss edirəm.
– Estoniyanı məğlub edə bilməməyimiz işimizi çətinləşdirdi. Heç-heçədə səni də günahlandırırlar ki, qırmızı vərəqə alıbb, oyunu buraxmısan. Hansısa peşmanlıq var?
– Son zamanlarda bu turnirdə daha yaxşı oynayırdıq. Oyun baxımından pozitiv məqamlar var. Lakin nəticə yoxdur. Bu turnirdə Slovakiya ilə səfər oyununu çıxmaqla bütün matçlarda yaxşı oynamışıq, rəqibləri çətinliklərə salmışıq. Slovakiya ilə oyunda qırmızı vərəqə almasaydım, bəlkə, fərqli olardı. Məsuliyyəti başa düşürəm. Komandamı çətin vəziyyətdə qoydum. Çalışacam ki, sabah bunu unutdura bilim.