AFFA İcraiyyə Komitəsinin (İK) baş tutan sonuncu iclasında qəbul edilən önəmli qərarlardan biri də növbəti mövsüm üçün legioner limitinin ləğv edilməsi oldu.
Uzun müddətdir ki, müzakirəsi gedən bu qərarın təsdiqi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bu qərarın lehinə olanlar, limitə görə yerli futbolçuların daha rahat olduğunu və limit ortadan götürüldükdən sonra öz mövqelərini itirməmələri üçün daha çox çalışacaqlarını əsaslandırır. Qərarın əleyhinə olanlar isə akademiyalarımızda yetişən futbolçuların hamısının xaricə çıxmaq şansı olmadığını və başlanğıcda isə təcrübə yetərsizliyinə görə legionerlərə uduzacaqlarını düşünürlər.
Uzun illər uşaq futbolunda çalışan Azər Cabbarov “Futbolpress.az“a açıqlamasında limitin ləğviylə bağlı fikirlərini bölüşdü:
“Onsuz da futbolumuz can üstdə idi. Sağ olsunlar, bu qərarla da birdəfəlik kislaroddan ayırdılar. Əgər limiti yığışdırırdılarsa, o zaman milliyə niyə əcnəbi məşqçi gətirilirdi? Yaxşı, bəs xaricdən gələn məşqçi, niyə səsini çıxartmır ki, mən futbolçuları milliyə haradan götürəcəm? Kiçik yaş qrupları üzrə millilərimizə baxaq, həmin oyunçular harada oynayacaq? Həmçinin N sayda akademiya, uşaq futbolu var. Bir məşqçi olaraq, mən məşqə gedib uşaqlara deməliyəm ki, gedin dərslərinizi oxuyun və ya bir sənət öyrənin. Bu qərarla da bu vaxta kimi nə qədər AFFA-da işləyən rəhbərlik olubsa, hamısının ölənlərinə rəhmət oxuduq”.
Mirkamal Kazım