“Səbail” Premyer Liqada 3 turdan sonra 1 xalla 9-cu sıradadır. “Dənizçilər” son olaraq səfərdə “Sumqayıt”a məğlub olub – 1:2.
“Səbail”in futbolçusu Vüsal Məsimov “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:
“Üç turda yaxşı nəticələr əldə etməsək də, oyun baxımından pis olmadığımızı düşünürəm. Çempionat yeni başlayıb və yeni komanda olduğumuz üçü uyğunlaşmağa vaxt lazımdır. Düşünürəm ki, günü-gündən daha yaxşı olacağıq. İnşallah, növbəti oyunlarda əlimizdən gələnin artığını edib, yaxşı nəticələrlə azarkeşlərimizi sevindirmək istəyirik”.
Müdafiəçi səfərdə “Sumqayıt”a məğlubiyyət haqda danışdı:
“Sumqayıt”la oyunun çətin olacağını bilirdik. Qələbə üçün meydana çıxmışdıq. Qol buraxdıqdan sonra tez reaksiya verə bildik. Amma futboldur, son saniyələrdə buraxdığımız qolla uduzduq. Hələ hər şey yeni başlayıb, bu görüşü unudub, qarşıdakı matçlara köklənməliyik”.
“Səbail” növbəti turda “Kəpəz”lə qarşılaşacaq. Məsimov sabiq komandası ilə oyundan gözləntilərini bölüşdü:
“Kəpəz”lə oyunun hazırlığı davam edir. Rəqib yaxşı komandadır, amma qələbə üçün meydana çıxacağıq. Premyer Liqada asan oyun yoxdur. Demək olar, 6-7 komanda eyni səviyyədədir. “Kəpəz”lə matç da çətin olacaq. Ciddi hazırlaşıb, yaxşı nəticə qazanmağa çalışacağıq”.
Şahin Cəfərov