Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Şamaxı” yay hazırlığını davam etdirir. Ayxan Abbasovun yetirmələri Şamaxıdakı toplanış çərçivəsində bir yoxlama oyunu keçirib və “Kəpəz”i məğlub edib – 2:1.
“Şirlər”in futbolçusu Arsen Ağcabəyov Gəncə təmsilçisi ilə matçda komandasının ikinci qolunu vurub. Müdafiəçi “FutbolPress“ə açıqlamasında hazırlığı dəyərləndirdi:
“Toplanış qaydasında keçir. “Kəpəz”lə matç birinci sınaq idi və çox şey demək olmur. Həm də komandada yeni oyunçular çoxdur və uyğunlaşma üçün vaxt lazımdır. Çalışırıq ki, bir-birimizi başa düşək. Məqsədimiz Premyer Liqa başlayana kimi tam hazır olmaqdır”.
“Şamaxı”da cinah oyunçusu mövqeyinə Rauf Rüstəmli, Rafael Məhərrəmli kimi oyunçular cəlb edilib. Arsen mövqe uğrunda rəqabətə hazır olduğunu dedi:
“Baş məşqçimiz Ayxan Abbasovla hələ fərdi danışığımız olmayıb. Yeni oyunçular var. Ümidləri doğrultmağa çalışacağıq. Rəqabətdən çəkinmirəm”.
Şahin Cəfərov