Məmnuniyyətsizlik – tribunadan qeydlər

Bir neçə dəfə bu ifadəni işlətmişəm – “Qarabağ” Azərbaycan futbolunun tarixi və mahiyyəti fonunda böyük bir NONSES sayılır. On il sərasər qrup mərhələsinə yüksəlmək, pley-off daddırmaq – biz futbolumuzun ölçülərini zorlayan, aşan bir klubdan danışırıq.

Və bu komandanın, bu nonsesin müəllifi Qurban Qurbanova qarşı necə məmnunsuzuq. Bilmirəm, dilimizdə bu söz varmı, ancaq vəziyyətin miskinliyini elə bu formada ifadə etməyim gəldi.

Mən inanclı bəndəyəm. Elə bilirəm ki, bu məmnunsuzluğumuza görə Allah futbolumuzu bərəkətləndirməyəcək…

Yəqin ki, pusquda məqam güdənlərin bizə tanış növbəti həmləsidir; yoxsa niyə idbarca, qıcıqverici tərzdə Qurbanovun bitdiyini, istefa verməli olduğunu yazsınlar ki?!

Oyunsonrası mətbuat konfransında Qurbanovun, “…sizin də belə məlumatları mənə deməməyinizi istəyirəm, qoy sevgimi tam ötürə bilim komandaya” – sözləri… Siz bu sözlərin mənəvi ağırlığını duya, dərk edə bilirsinizmi?!

İnsanın ruhuna kobud toxunuş edəni Yaradan bağışlamaz. O insan futbolumuz üçün ruhunu qoyub…

Necə məmnuniyyətsiz ola bilirsiniz?!

Son on il üçün yüz il minnətdar olmalı olduğumuz komandaya həqarət, ifrat aqressiv tələbkarlıq istiqamətləndiririk?!

“Ayaks”ı Bakıya, qənşərimizə gətirən komandaya təşəkkür etmirik, bundan zövq almırıq; “udmalıydılar əəə… istefa əəə”?!

“Qarabağ” bu mövsümə uğursuz seleksiya ilə girib, avrokubokların yeni reqlamentinə adaptasiya keçə bilmir və s. tematik mövzular var və futbolu dərk edənlər bilir ki, bu klub, bu şəxs bu məsələləri də yoluna qoya biləcək potensialdadır. Lakin biz nə edirik…

Bu oyuna media lojasında deyil, azarkeşlərin içində baxdım. Hər detala fikir verdim. Adekvat, səviyyəli, hətta qürurlandırıcı səviyyədə azarkeşlərimiz var. İllər əvvələ baxanda indi tribuna daha yüksək İQ-dadır, qabarıq sezilir. Ancaq ikinci qoldan sonra kütləvi şəkildə stadionu tərk etmələr…

3-cü qoldan sonra isə kədərlənləndim. Məğlubiyyətə görə yox, çoxluğun “Qarabağ”a laqeyd münasibətinə görə. Elə məhz bu məqamlarda komandamıza dəstək verməliydik, ruh verməliydik.

Biz isə naşükür, məmnuniyyətsizik. Hakimin oyunun “onurğasını” qırdığı bir halda, “ə udammadılar əə” deməyin adamda yaratdığı məyusluq, qanqaraçılıq…

Biz giqanta, elmi fundamentə, ənənəyə, sistemə qarşı futbol oynayırdıq. Harda udmalıyıq, harda dərs almalıyıq, zövq almalıyıq – bilmirik.

Biz hətta futbolu bu adi səviyyədə belə bilmirik, hiss etmirik. Barı şükran, məmnuniyyət hissimiz də yoxdur.

Allah bağışlasın və bu bərəkəti bizdən əsirgəməsin, amin!

Elçin Cəlilov