Azərbaycan I Liqasında klublar qış fasiləsindədir. Çempionatda II dövrəyə yanvarın 30-da start veriləcək.
“Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov “FutbolPress“ə açıqlamasında hazırlıqla bağlı fikirlərini bölüşdü:
“Yanvarın 10-dan hazırlıqlarımız başlayıb. Hələ transferlərimiz və gedənlərimiz yoxdur. Yoldaşlıq oyunu keçirməyi düşünürük. Buna qədər baxışa gələnlərlə öz aramızda yoxlama oyunu keçmişik. Gələcəkdə sınaq matçı keçirməyi düşünürük”.
Heyəti gücləndirməyi planlaşdırdıqlarını bildirən mütəxəssis transferdə hələlik sakit qaldıqlarını söylədi:
“Transferlərə ehtiyac var. Sadəcə hələki bizə uyğun oyunçu tapmamışıq. Həm də maliyyə məsələsi də var. Bəzi futbolçular var, ancaq şərtlər üst-üstə düşmür. Uyğun futbolçu olsa, transfer edəcəyik. Ya maliyyə məsələsində, ya da performansına görə alınmır. Baxışa gələnlər arasında seçimlər edə bilərik. İndiki məqamda ancaq nəsə yoxdur”.
Azərbaycan Premyer Liqasında yeni mövsümdən komanda sayının artacağı və “Zaqatala”nın da elitada oynamağa namizədlər arasında olduğu bildirilir. Məmmədov mümkün say artımında da toxundu:
“Premyer Liqada komanda sayının artıb-artmayacağını bilmirəm. Klub olaraq biz işlərimizi görürük. Premyer Liqaya çıxsaq, yaxşı, çıxmasaq da, işlərimiz davam edəcək. İndi bu haqda məlumatım yoxdur. Hamının istəyi klub sayının artmasıdır. Bu məqamda gənclərin də oyun şansı artır. İndiki məqamda gəncə və perspektivli futbolçular kənarda qalır, itir. Klub sayı çox olsa, müəyyən komandalar gənclərə şans verir və tələbat yaranır”.
Şahin Cəfərov