“Zaqatala” Azərbaycan I Liqasında 6 turdan sonra 11 xalla 3-cü sıradadır. Bölgə təmsilçisi lider “Karvan”dan 7 xal geri qalır.
Komandanın baş məşqçisi Rüstəm Məmmədov “FutbolPress“ə açıqlamasında 6 tur haqda fikirlərini bölüşdü:
“Nəticələri qənaətbəxş hesab edirəm. Mövsümə pis başlamamışıq, bir məğlubiyyətimiz var. Hazırda 3-cü sıradayıq. Bu mövsüm çempionatda bütün komandalar bir-biri ilə eyni səviyyədədir. Gözəçarpan üstünlük kimdəsə yoxdur. Həqiqətən, bu mövsüm çempionat çox maraqlıdır. Maliyyə problemlərimizə baxmayaraq, nəticələrimiz pis deyil, normaldır”.
Məmmədov Azərbaycan Kubokunda “Mingəçevir”ə məğlub olaraq (0:1) turnirə vida etmələrindən danışdı:
“Kubok bir oyundan ibarət idi. “Mingəçevir”dən daha yaxşı oynadıq, qol imkanları yaratdıq. Lakin rəqibin meydançası istənilən səviyyədə deyil və istədiyimiz oyunu göstərə bilmədik. Düşən qol imkanlarını da boşa verdik. Kubokdur və bir oyunun nəticəsinə görə onlar bizi üstələdi”.
I Liqada əsas favoritlər “Karvan”, “İmişli” və “Qəbələ”dir. Çempionluq mübarizəsinin məhz bu üç komanda arasında gedəcəyi gözlənilir. Məmmədov bu mövsüm I Liqada asan rəqib olmadığını bildirdi və hədəflərindən söz açdı:
“Əlbəttə, çətin olacaq. Güclü rəqiblər var. “Karvan”, “Qəbələ”, “İmişli” güclü və iddialı komandalardır. Lakin “Cəbrayıl”, “Baku Sportinq”, MOİK də zəif deyil. Çempionatda hər oyun çətin keçir, hansısa komandanın rahat rəqib olduğunu demək olmaz. Hamı xal üçün mübarizə aparır. Bu il I Liqada zəif komanda yoxdur. Hər şey özümüzdən asılıdır. Yanaşmamız, mübarizəmiz önəmlidir. Düzdür, müəyyən çətinliklərimiz var və rəhbərlik bunları aradan qaldırmağa çalışır. Hədəfimiz “üçlüy”ə düşməkdir. İşimizi layiqincə görməyə çalışacağıq”.
Şahin Cəfərov