Məğlub “Qarabağ”, yarı boş tribunalar…

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Rumıniyanın FCSB klubuna 2:3 hesabıyla məğlub olaraq turnirlə vidalaşacağı dəqiqləşdi.

Artıq “atlılar”ın Yunanıstanın “Olimpiakos” komandasıyla avrokuboklardakı sonuncu oyunu formal xarakter daşıyır.
Avropada çıxış edən yeganə Azərbaycan klubunun sözügedən qitənin ən mötəbər yarışlarından biriylə vidalaşması üzücüdür.

Düzü FCSB ilə qarşılaşmanın gedişatı və ilk dəqiqələrdən etibarən hesabın açılması oyundan gözləntiləri artırmışdı. Qurban Qurbanovun yetirmələri ənənəyə sadiq qalaraq topa daha çox hökm edən və matça dominantlıq edən tərəf idi. Fəqət rumınlar əllərinə düşən hər fürsəti dəyərləndirməklə vacib qələbə qazandılar. Matçda Olavio Juninyo kimi hücumçunun yoxluğu özünü hiss etdirdi. Təbii, uğuru və ya uğursuzluğu bir fərdin adına bağlamaq düzgün deyil. Futbol komanda oyunudur. Lakin ümumi oyuna baxdıqda, hücum xəttindəki yetərsizlik, futbolçuların anlaşmada çətinlik çəkdiyi aşkar idi. Təkcə Juninyo deyil, həmçinin Yassin Benzianın da mövqeyində çatışmazlıq olduğu da görünürdü. Hər nə qədər Leandro Andrade pleymeyker kimi üzərinə düşən vəzifəni yerinə yetirib qol vursa da ön xətdəki əlaqəni qura bilmədi. Aleksey Kaşukun performansı isə hələ də komandaya tam adaptasiya olmadığı ya da potensialının elə bu qədər olduğu qənaətinə gətirir. Abdullah Zubir sadəcə Benzia-Juninyo tandemindən qalan bir parçaydı. Pleymeyker olmasına baxmayaraq, Benzianın sol cinah vingeri kimi Elvin Cəfərquliyevlə qurduğu sintezi də bu matçda görə bilmədik. Julio Romaonun meydandakı varlığı isə sadəcə Marko Yankoviçin kölgəsində qalmışdı. Bəhlul Mustafazadənin müdafiədəki inamsız oyunu, zədədən sonra komandaya adaptasiya olmadığını göstərir.
Bütün bunlar məğlubiyyətə təsir edən başlıca amillər oldu.

“Qarabağ”ın Avropayla sağollaşmasına bir üzüldüksə, yarı dolu, yarı boş tribunaları görmək bu hissi ikiyə qatladı. Bundan öncəki “Tottenhem”, “Ayaks”, “Linkoln” və “Dinamo” (Zaqreb) kimi komandalarla görüşdə “iynə atsan yerə düşməz” məsələni sübuta yetirən Tofiq Bəhramov adına Respublika stadionu bu dəfə yarı boş qaldı. Görünür azarkeş kimi yetişməyimiz hələ çox çəkəcək…

Mirkamal Kazım