“Məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərovun Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda “Ərzincan 13 Şubat” stadionunda Türkiyə yığması ilə keçirilən oyundan (0:1) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“İlk növbədə oyuna görə komandamıza təşəkkür edirəm. Qızlar kollektiv olaraq son ana qədər xarakter göstərdilər. Düzdür, birinci hissənin sonunda hesabda geri düşdük. Şəxsi fikrim belədir ki, hakimlərin bəzi epizodlarda qərarları düzgün deyildi. Penalti epizodunu tam görmədim. Ancaq məncə, o cür penalti olmaz. Halbuki həmin ana qədər bizim də yüz faizlik penaltimizi hakim vermədi. Hakimlərin oyun ərzində qərarları çox gülünc idi. Məğlubiyyəti yalnız hakimlərin üzərinə də atmaq istəmirəm. Səhvlərimiz var idi. Səhvlərimizi görməli, onların üzərində işləməliyik. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq.

Bu gün tribunalarda xoş görüntü var idi. Həm Azərbaycan, həm də Türkiyə bayraqları dalğalanırdı. Bu cür gözəl görüntülərin qadın futboluna gəlib çatmasına görə çox sevindim. Əlbəttə ki, onlar öz komandalarını daha çox dəstəkləyirdilər. Ancaq sona qədər Azərbaycan bayraqlarını da dalğalandırdılar. Buna görə, gələn azarkeşlərə ölkəm, komandam və öz adımdan təşəkkür edirəm”.

Qeyd edək ki, görüş Türkiyə yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.