Azərbaycan Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (1:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Konfrans Liqasında mərhələ adlayan komandalarımıza uğurlar arzu edirəm. Təəssüf ki, “Sumqayıt” məğlub oldu, amma yaxşı oynadılar. Böyük şansları var idi. Çox inamlı oynadılar. İnanırıq ki, gələn il daha yaxşı nəticələri olacaq. Öz oyunumuza gəldikdə, çətin matç oldu. Rəqibi yaxşı tanımırdıq. Yeni oyunçuları var idi. Ümumiyyətlə, Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq. Onun ötənilki işinə əsasən hazırlaşmışdıq. Yaxşı başlanğıc oldu. 4:1 hesabı olsa da, bərk komandaya qarşı oynadıq. Sona kimi uduzmaq istəməyən komanda var idi. İlk matç göstərdi ki, bütün rəqiblərə ciddi hazırlaşmaq lazımdır.
– Qələbə qazansanız da, sanki narazısınız…
– Xeyr, sadəcə bəzi epizodlarda uşaqların davranışından narazılığım oldu. Ümumilikdə, razı qalınmayacaq oyun deyildi.
– Buraxılan qolda köməkçiniz Müşviq müəllimə nəsə deyirdiniz.
– Xeyr, sadəcə müzakirə etdi.
– Elvin Cəfərquliyev bu gün də sərt oyunla yadda qaldı. Onun haqda fikirləriniz nədir? Tez-tez cəzalanması nə ilə bağlıdır? Psixolojidir, ya çox istəklidir deyə belədir?
– Hərəsindən bir az. Elvin çox arzulu oyunçudur. Hücumda olmaq istəyir və buna görə bəzən müdafiədə səhvlər edir. Göründü ki, oyun praktikası da azdır. O, idman formasını tez bərpa edən oyunçudur. Vərəqələrə gəlincə, bəli, daha çox düşünməlidir bu haqda. Epizodlardan düzgün nəticə çıxarmalıdır. Get-gedə say çoxalır, bu, problemə çevrilməyə başlayır. Yenə baxacağıq, belə hallar təkrarlansa, hansısa daha ciddi düşünməyimiz lazım olacaq.
– Aleksey İsayev “Sabah”da daha çox hücumun arxasında oynayırdı. Lakin siz onu artıq daha çox arxada – dayaq yarımmüdafiəçisinin yanında oynadırsınız. Bundan sonra həmin mövqedə olacaq?
– Onun mövqesi elə budur. Qabiliyyətli oyunçudur, lazım olanda “10 nömrə” də ola bilir. Mənimçün bu mövqeyi daha uyğundur.
– Çempionlar Liqasındakı rəqibiniz “Ludoqorest”in oyunlarına baxmısınızmı? Fikirləriniz nədir bu rəqib haqda?
– Minsk “Dinamo”su ilə oyuna canlı baxmışam. Sırağagün oyunda idim. Çox bacarıqlı, fərdi qaydada yaxşı olan oyunçuları var. Dinamik, sürətli futbolçulardır. Hücumda çox sürətlidirlər. Ciddi hazırlaşmağımız demək olar, tələb olunur. Komanda oyunumuz öz yerində və fərdi mübarizələrdə də diqqətli olmağımız vacibdir. Eyni zamanda əks-hücumlarının qarşısını almalıyıq. Bundan ustalıqla istifadə etməyi bacarırlar. Hamımız üçün maraqlı oyun olacaq. Ola bilər, çox güc sərf edək və meydanda taktiki mübarizə getsin. Bir neçə elementə yox, bütün elementlərə diqqət etməliyik.
– 5-6 il əvvəl “Ludoqorets”lə iki yoxlama matçı keçirmişdiz. İndiki və əvvəlki komanda arasında fərq var?
– Tam fərqlidir. Yoxlama oyunlarında nəticəyə önəm vermirəm. Yoxlama matçlarında komandanın gücünü bilirsən. Həmin oyunlarda səhvlər çox olur. Futbolçular optimal formadan uzaq olurlar. Fərqləndirmək çətin olardı. 5-6 il əvvəlki futbolla indiki də bir deyil. Təcrübə də böyük rol oynayır.
– Son illərdə hansısa rəqibin oyununa sizin getdiyinizi xatırlamıram. Niyə məhz özünüz bu oyunu izləməyə getdiz?
– Bu komandaya qarşı heç rəsmi matçda oynamamışdıq. Mənim üçün də maraqlı idi ki, “Ludoqorets” 9 ildir qruplarda çıxış edir. Həm “Ludoqorets”, həm də “Dinamo” (Minsk) yaxşı komandadır. Bolqarlar ilk oyunda “Dinamo”ya qalib gəlsə də, Belarus klubu aqressiv oynamışdı. “Ludoqorets”in gücünü daha yaxından görmək üçün ora getmək qərarı verdim.
– Azarkeşlər ÇL-də qruplara qalmağınızın mesajlarını verdi. Bunu bacarmağa gücünüz çatacaq?
– Gücümüz var. Şükür Allaha gücümüz həmişə olub. Hər il çalışırıq ki, daha yaxşı hazırlaşaq. Bu, futboldur. İstənilən nəticə ola bilər. Bizim kimi digər rəqiblər də hazırlaşırlar, Bizim kimi ölkə klublarının da arzusudur ki, ÇL-də qruplarda iştirak etsinlər. Biz də istəklə işimizə davam edirik. Yaxşı nəticə üçün çalışırıq. Görək, necə olacaq.
Şahin Cəfərov