“Ludoqorets” lənəti…

Azərbaycan futbolunun Avropa arenasındakı daimi təmsilçisinin “Qarabağ” olmasının səbəblərindən biri də komandanın Qurban Qurbanovun rəhbərliyi altında formalaşmış bir sistemə malik olmasıdır.

Ancaq hər sistemin də axsadığı məqam, dönəm olur. Əfsus ki, Ağdam təmsilçisi bu mövsüm gözləntiləri doğrultmur.

“Atlılar” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan təmsilçisi “Ludoqorets” üzərində parlaq qələbədən sonra özünə bənzəmir.

Zaqreb “Dinamo”suna uduzaraq mübarizəsini ÇL-da çıxışı dayandıran Qurbanovun yetirmələri artıq Avropa Liqasında 4-cü məğlubiyyətini aldı.

Həmçinin İsveçin “Malmo”sunu çıxmaq şərtiylə “Qarabağ” digər rəqibləri olan “Tottenhem” (İngiltərə), “Ayaks” (Niderland) və “Lion”a (Fransa) böyük hesabla məğlub olub.

Zamanında “Ludoqorets”in qapısına səfərdə 7 qol vuran komanda indi AL-in liqa mərhələsində qapısından ən çox qol (13) buraxan komandadır. Onlardan yalnız dördünün əvəzini çıxa bilib ki, onun da yarısı “Bodo Qlimt” (Norveç) üzərində qazanılan qələbəyə təsadüf edib.

Bu, “atlılar”ın zəifləməsinin göstəricisidir?

Komandanın məğlub olduğu matçlarda belə bir sıra qol epizodları yaratması aşkardır. Ancaq bu fürsətlərdən yararlana bilməmək, “epidemiya” halını alıb. Ümumiyyətlə, komandanın həm müdafiə, həm də hücum xəttində problemlərinin olduğu sezilir.

Haşiyədən bir qədər kənara çıxaraq qeyd edək ki, uğursuz nəticələrin başlıca səbəbi yarmmüdafiə xəttindədir. Ötən mövsüm Marko Yankoviçlə, Julio Romanoun yarımmüdafiədəki dominantlığı, komandanı həm hücum, həm də müdafiədə daha rahat çıxış etməsinə şərait yaradırdı. Bu mövsüm nə Yankoviç, nə də Romao özünü doğrulda bilmir. Gah zədə, gah cəzalar “atlılar”ın bu tandemdən formalaşan dayağını laxlatdı…

Bu səbəbdən “Qarabağ”ın bu mövsüm bütün oyunlarında ya hücumda olduğunu, ya da müdafiədə oynadığına şahidlik edirik. Yarımmüdafiə xəttindəki balansın pozulması isə həm ön, həm də arxa xəttdəki futbolçuların üzərində yüksək təzyiq yaratdığını deyə bilərik. Xətlər arasındakı rabitə zəifləyib və bu rəqiblərin “Qarabağ”ın birinci zonasına daxil olmağında çətinlik çəkməməyinə rəvac verir.

Hazırda aktivində 3 xalı olan “Qarabağ”ı qarşıda “Elfsborq” (İsveç), FCSB (Rumıniya) və “Olimpiyakos”la (Yunanıstan) oyunlar gözləyir. Yunanıstan səfəri və daha iki ev oyunu…

Qapısına 7 topun vurulduğu “Ludoqorets” isə “atlılar”dan cəmi 1 xal geridədir…

Mirkamal